Home Biznes və iqtisadiyyat xəbərləri Ombudsman beynəlxalq qurumları 20 Yanvar hadisələrini törədən şəxsləri mühakiməyə cəlb etməyə çağırıb

Ombudsman beynəlxalq qurumları 20 Yanvar hadisələrini törədən şəxsləri mühakiməyə cəlb etməyə çağırıb

241
0
SHARE

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatının məlumatına görə, bəyanatda qeyd edilir ki, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötür:

“20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, əksinə xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolunu yaxınlaşdırdı.

1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları etməklə yanaşı, azərbaycanlılara qarşı nifrət, etnik təmizləmə və soyqırım siyasəti yürüdürdü.

Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsindən hiddətlənən, buna öz qəti etirazını bildirən Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə dinc əhalinin üzərinə qoşun yeridilməsi Bakı və Sumqayıt şəhərlərində, habelə ölkəmizin digər şəhər və rayonlarında qırğınlara səbəb oldu. İnsanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülmüş, 744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

1990-cı ilin 21 yanvar tarixində bütün təzyiq və çətinliklərə baxmayaraq Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev siyasi iradə nümayiş etdirərək, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat vermişdir.

Bu qanlı faciəyə siyasi-hüquqi qiymətin verilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində reallaşmışdır. Belə ki, 1994-cü ildə Milli Məclisin xüsusi sessiyası keçirilmiş, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri və bu hadisələr ilə əlaqədar əlilliyi olan şəxslər üçün zəruri sosial müdafiə sistemi yaradılmışdır.

Beynəlxalq hüquqa əsasən 20 Yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, bu cinayətin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Belə ki, həmin hadisələr zamanı mülki əhaliyə qarşı törədilmiş insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri yetirilməsi, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən məhz insanlıq əleyhinə cinayətlər kimi tövsif edilir.

Azərbaycan tarix boyu ağır sınaqlardan keçmiş, tarixin müəyyən mərhələlərində xalqımıza qarşı qanlı cinayətlər, terror aktları, soyqırımlar törədilmişdir. Xüsusilə də son 30 ilə yaxın müddət ərzində davam etmiş hərbi təcavüz nəticəsində 23 000-dən çox azərbaycanlı həyatını itirmiş, 50 000 insan yaralanmış və ya əlil olmuşdur, 4 000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.

2020-ci ildə ölkəmizə qarşı yönəlmiş növbəti hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum əməliyyatına başlanılmış, 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.

Ermənistanın həmin hərbi əməliyyatların gedişi zamanı Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri nəticəsində isə 10-dan çoxu uşaq olmaqla 100-dən çox dinc mülki şəxs qətlə yetirilmiş, 450 nəfərdən çox insan yaralanmış, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.

20 Yanvar faciəsinin insanlıq əlehinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə hüquqi qiymət verilməyib.

Dünya ictimaiyyətini və beynəlxalq qurumları 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə əməkdaşlığa çağırırıq”, – bəyanatda deyilir.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.