Home Biznes və iqtisadiyyat xəbərləri Sahibə Qafarova Litvanın xarici işlər naziri Gabrielius Landsbergislə görüşüb (FOTO)

Sahibə Qafarova Litvanın xarici işlər naziri Gabrielius Landsbergislə görüşüb (FOTO)

274
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova Litva Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gabrielius Landsbergislə görüşüb.

Milli Məclisin məlumatına görə, Azərbaycan parlament rəhbərini və onun başçılıq etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayan Gabrielius Landsbergis Azərbaycanla Litva arasında yaxşı əlaqələrin olduğunu deyib. O, ölkəmizə iki dəfə səfər etdiyini xatırladaraq, bu səfərlərdən məmnunluğunu ifadə edib. Litva XİN rəhbəri ölkəsinin Azərbaycanla uğurlu birgə layihələr həyata keçirdiyini söyləyib. Gabrielius Landsbergis Litvanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin onun parlamentin spikeri kimi Litvaya ilk səfəri olduğunu və səfərin Litva Respublikası Seyminin sədri Viktoriya Çmilite Nielsenin dəvəti ilə reallaşdığını diqqətə çatdırıb. O, səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək, ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrimizin daha da inkişafına töfhə verəcək və Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.

Azərbaycan və Litvanın dost ölkələr olduğunu deyən Milli Məclisin sədri bildirib ki, iki ölkə arasında münasibətlər bir çox sahələri əhatə etməklə, xalqlarımızın maraqlarına cavab verir. Spiker bu gün münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu kontekstdə qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Litvanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Sahibə Qafarova Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakını xatırladıb. Onun sözlərinə görə, Aİ ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra regionda yeni yaranmış reallıqlar barədə də danışan Spiker S.Qafarova deyib ki, artıq münaqişə tarixdə qalıb. Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan regionda daimi sülh və təhlükəszliyin təmin olunmasını istəyir və Ermənistana bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı təkliflər verib. Ermənistan regionda yeni reallığı dərk etməli və sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Milli Məclisin sədri ölkəmizin həyata keçirdiyi layihələr və mövcud olan investisya imkanları barədə məlumat verərək deyib ki, Ələt Azad İqtisadi Zonasına, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Araz Vadisi İqtisadi Zonasına, Ağdam Sənaye Parkına, aqroparklara, informasiya kommunikasiya texnologiyaları və bərpa olunan enerji sahələrinə investisiya qoyuluşu üçün çox gözəl imkanlar mövcuddur. Sahibə Qafarova bildirib ki, Azərbaycan Litva şirkətlərini də ölkəmizdə həyata keçirilən layihələrə investisiya yatırmağa dəvət edir. Spiker Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu dəhlizin açılması, nəinki region üçün, o cümlədən Avropa İttifaqına üzv olan ölkələr üçün də yeni imkanlar yaradacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.