Home Biznes və iqtisadiyyat xəbərləri AMEA – MƏBƏD OLMA ÖZƏLLİYİNİ QORUMALI VƏ YAŞATMALIDIR

AMEA – MƏBƏD OLMA ÖZƏLLİYİNİ QORUMALI VƏ YAŞATMALIDIR

264
0
SHARE

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yarandığı gündən bəri hər zaman ziyalılıq, elm və mənəviyyat ocağı olub.Düşünən beyinlərin, güclü zəkanın, bəşəri tədqiqatların beşiyi olan AMEA-da bir-birindən dəyərli, nüfuzlu çox sayda alim yetişərək sadəcə Azərbaycan elminə deyil, həm də dünya elm tarixinə əvəzsiz töhfələr vermiş, öz zəka və qələmləri ilə Azərbaycan aliminin adını və elmini ötən tarixin əhəmiyyətli parçasına çevirmiş, sahib olduqları ideyalar və ideallarla xalqımızın ləyaqətli şəxsləri kimi şöhrət qazanmışlar. Elmimizin dayaq sütunlarından olan Zahid Xəlilovu, Mirəsədulla Mirqasımovu, Yusif Məmmədəliyevi, Ziya Bünyadovu, Həmid Araslını, Kərim Mahmudovu və onlarla digər dəyərli akademikimizi təkcə elm, düşüncə adamı deyil, həm də ali insani keyfiyyətlərə sahib böyük şəxsiyyətlər olaraq tanımışıq. AMEA-nı sağlam elmi polemikaların aparıldığı, milli kadrların yetişdiyi bir məbəd-elm, mənəviyyat məbədi olaraq taniyib, bilmişik. Çox təəssüf ki, AMEA-nın bu nəcib ənənələrinə axır vaxtlar kölgə düşməkdədir. Bu vəziyyət, əgər zamanında dur deyilməzsə, qarşısı alınmazsa elmimizdə, mənəviyyat dünyamızda ciddi fəsadlara yol aça bilər. Son zamanlarda akademiyada baş verən xoşagəlməz halların artıq ictimai rezonans qazanması, akademiyanın ayrı-ayrı əməkdaşları tərəfindən bu halların dilə gətirilməsi, bu müəssisədə mühitin kifayət qədər gərgin və dözülməz olduğu qənəitini bağışlayır.

Biz plüralist və demokratik bir mühitdə yaşayırıq. Hər kəs öz sağlam tənqidi fikirlərini dilə gətirmək, haqqını və hüququnu tələb etmək özgürlüyünü qoruyur. Və belə olan halda AMEA-nın və onun rəhbərinin fəaliyyətini tənqid edən bir neçə elm adamının və millət vəkillərinin mətbuatda yer alan fikirlərinə qarşı dözümsüzlük göstərərək, belə sanballı bir qurumun mətbuat xidmətinin səbatsız və səriştəsiz  ittihamlarla dolu tələm-tələsik bir açıqlama ilə çıxış etməsi ən azından adının baş hərflərində mövcud olan akademik titulla bir araya sığışmır və gülüş doğurur.
Birinci növbədə müxtəlif tənqidlərə və istefa çağırışlarına verilən cavab tənqidi arqumentləri sıradan çıxarmağa yönəlmiş olmalı idi. Ancaq təəsüflər olsun ki, cavabda hüquqi – siyasi sistemimizin legitimliyinə şübhə yaradan, Azərbaycan dövlətçiliyinin əsaslarını zədələməyi hədəfləyən ittihamlar yer almaqdadır. Ölkəmizdə həyata keçirilən dərin demokratik islahatlar nəticəsində formalaşmış parlamentdə təmsil olunan müxalifət partiyaları “avtobus” yaxud “cib müxalifəti”, deputatların bir qismi “saxta deputatlar” adlandırılır. Nə olur, nə baş verir? İnanmaq olmur ki, Azərbaycan Respublikası Milli Məclisinin legitimliyini şübhə altına alan, illərdən bəri Azərbaycan dövlətinin ən ali idarəetmə orqanında söz sahibi və böyük təcrübəyə malik olan bir şəxs – Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Bu nə onun yaşına, nə səviyyəsinə, nə də yaxşı bildiyi idarəçilik ənənələrinə uyğun gəlmir. Açıqlamada  səsləndirilən ittihamlar akademik ağırlıqlı, qeyri-kostruktiv fikirlər olmaqla bərabər,  eyni zamanda tam bir  trol ittihamlarıdır.

 

Ramiz Mehdiyevin AMEA-nın problemləri ilə bağlı olan məsələlərə ictimai-siyasi rəng verərək onu mürəkkəbləşdirmək cəhdlərini başa düşmək olmur. Ömrünü elmə həsr edən görkəmli alimlərin, eləcə də ictimai xadimlərin narahatlıqları əslində illərdir yerində sayan, arxasında heç bir əsaslı elmi kəşfin dayanmadığı, çox vaxt bir-birini təkrar edən və sanki formal xarakter daşıyan Azərbaycan elmini xilas etmək çırpıntılarıdır. Aparılan tədqiqatları qəliblərdən çıxartmağın vaxtıdır! Elmə yenilik vermək istəyiriksə, elm adamlarına sərbəsrtlik də vermək, onlara lazımlı olan sağlam mühiti də yaratmaq lazımdır. Elm diktə ilə inkişaf etməz. Gerçək elm bilinənləri dönə-dönə təkrarlamaqdan deyil, bilinməyənləri bir sərraf dəqiqliyi ilə arayıb, araşdırıb, incələmək və xalqın malına çevirməkdir! Bu imkanları və şəraiti isə rəhbərlik yaratmalıdır. Son baş verənlər bir tərəfdən elmimizin gələcəyini sual altına qoyur, digər tərəfdən də elmlə məşğul olmaq istəyənləri çıxılmaz vəziyyətə salır. Bir sözlə, Azərbaycan elmini, düşdüyü burulğandan qurtarmalı, elmimizi və deməli gələcəyimizi intriqalara, ambisiyalara  qurban verməməliyik. AMEA – məbəd olma özəlliyini, elmin və mənəviyyatın bariz sağlam nümunəsi olmaq ənənəsini qorumalı və yaşatmalıdır!

Jalə Əliyeva

Millət vəkili,

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri

komitəsinin sədr müavini,

filologiya elmləri doktoru, professor