Home Biznes və iqtisadiyyat xəbərləri Zəngəzur dəhlizi türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək – Orxan Məmmədov

Zəngəzur dəhlizi türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək – Orxan Məmmədov

232
0
SHARE

Türk dünyasının birləşməsi rolunu oynayacağı Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaqdır. Söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək bir dəhlizdən gedir.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov “Post-pandemiya dövründə iqtisadi artımın stabilləşməsi zamanı kiçik və orta müəssisələrin innovativ fəaliyyəti” mövzusunda konfransda deyib.

“İlk növbədə, iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi, gözlənilməz şoklara qarşı hazırlıq səviyyəsinin artırılması və müasir, rəqəmsal texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsi prioritet məsələlərə çevrilib. Bu baxımdan, innovativ və yüksək texnolojı idarəetmə yanaşmaları, habelə yaşıl iqtisadiyyat prinsipləri qarşıdakı onilliklərdə qlobal iqtisadi inkişafın və investisiya axınlarının istiqamətini müəyyənləşdirəcək amillər olacaq. Bu baxımdan, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Hazırda ölkə başçısı tərəfindən təsdiq edilmiş 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasının tamamlanması üzərində işlər gedir. Sözügedən strategiya post-pandemiya və post-münaqişə dövründə ölkə iqtisadiyyatının, o cümlədən KOB sektorunun inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır.

“Sahibkarlığın həm agentlik, həm də dövlət tərəfindən dəstəyi istiqamətində işlər davam etdiriləcək”, – O.Məmmədov deyib.