25 fevral 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” Mərkəzində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq online tədbir keçirildi. Tədbirdə UNEC SABAH Mərkəzinin müəllimi, Politoloq Şəbnəm Həsənova çıxış edərək tələbələrə Xocalı soyqırımının tarixi, siyasi, hüquqi aspektləri haqqında məlumat vermişdir.
Şəbnəm Həsənova bildirmişdir ki, Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” da Ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdi.
Bu illər ərzində biz “Xocalı faciəsinin günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar, bu dəhşətli cinayəti törədənlərin hamısı vicdanı qarşısında cavabdehdirlər və gün gələcək ki, onlar tarix məhkəməsi qarşısında da cavab verəcəklər” – dedik və bunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün xalq olaraq bacardıq.
Robert Koçaryan, Serj Sarkisyan Azərbaycan dövlətinə, xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir. Uzun illər Ermənistana rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara – Koçaryana və Sarkisyana, onların himayədarlarına da 44 gün ərzində dərs verdik, onların ordusunu məhv etdik. Cənab Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Koçaryan və Sarkisyan bir dəfə də olsun Dağlıq Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta “qəhrəman” ordenləri, dəmir-dümürləri də köməklərinə yetmədi.
Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq müsahibələrinin birində xarici jurnalistə bildirmişdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi dağıtdıq. Məhz bu, baş verdi”.
Görüşdə nəzərə çatdırılmışdır ki, soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla amansızca qətlə yetirilmişdir.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə heç də təsadüfi olmayan bir tarixdə – 2008-ci il mayın 8-də – Şuşanın işğalı günü irəli sürülmüşdür. Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də onun varisləri tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Belə ki, hazırda 16 dövlətin milli qanunvericilik orqanı, İslam Əməkdaşlıq Təşkilatı isə beynəlxalq qurum olaraq Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Bundan sonra da Azərbaycan dövləti və xalqı tərəfindən Xocalı soyqırımının dünya arenasına daha geniş çatdırılması istiqamətində əməli və qətiyyətli addımların atılacağı bildirilmişdir.
Online görüş sual-cavab və müzakirələrlə yekunlaşıb.