Home Manşet NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin iclası keçirilib

NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin iclası keçirilib

577
0
SHARE

Sentyabrın 2-də NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin video konfrans formatında iclası keçirilib. İclasda Azərbaycanın qurumda nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iştirak edib.

Trend-in məlumatına görə, quruma üzv və assosiativ ölkələrin nümayəndələrinin qatıldığı onlayn iclasın gündəliyinə Rusiya və Qərbi Balkanlarla bağlı və digər məsələlər daxil edilib.

Toplantıda fransalı deputat Sedrik Perrin Rusiyada hərbi modernləşmə və NATO müttəfiqləri üçün qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Sonra Trans-Atlantik Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt komitə tərəfindən hazırlanmış Qərbi Balkanlarda sülhün və təhlükəsizliyin təmin olunmasına dair çağırışlar barədə məruzə təqdim edilib. Məruzəni fransalı deputat Jan Larsonner səsləndirib.

İclas iştirakçıları hər iki məsələ ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.

Müzakirələr zamanı Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov gündəlikdəki məsələlərə öz münasibətini bildirib. Öz çıxışında Parlamentin komitə sədri Covid-19 pandemiyasının dünyada yayılmasının qarşısının alınmasında Azərbaycan Respublikasinın verdiyi töhfələrdən söhbət açıb. O qeyd edib ki, pandemiyanın ilk günlərindən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatina 10 mln. dollar məbləğində maddi yardım ayırıb. Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib. Ümumilikdə, Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəylik nümayiş etdirərək 30-dan artıq dövlətə humanitar yardım göstərib.

Müzakirələrdə məruzəçi Jan Larsonner pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Prezidenti tərəfindən görülən işləri yüksək qiymətləndirərək cənab İlham Əliyevə öz təşəkkürünü ifadə edib.

Konfransda Ziyafət Əsgərov vurğulayıb ki, Qoşulmama Hərəkatının (QH) sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş video-konfrans formatında Zirvə Görüşü təşkil edilib.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Daha sonra Prezident İlham Əliyev QH ölkələri adından məsələ ilə bağlı BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkədən dəstək gəldi. İyulun 8-də cənab İlham Əliyev ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirib. BMT-nin Baş katibi COVİD-19-la mübarizəyə dair təşkilatın xüsusi sessiyasının çağırılması barədə təşəbbüsə görə Azərbaycan Prezidentinə öz təşəkkürünü ifadə edib.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü BMT Baş Assambleyasının rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.

Avqustun 31-də Ticani Məhəmməd-Bande həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib ki, Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir.

Ziyafət Əsgərov əminliklə bildirib ki, cari il iyulun 10-dan başlayaraq bu gün də davam edən BMT-nin xüsusi sessiyası COVİD-19 pandemiyası qarşısında beynəlxalq ictimaiyyətin səfərbər olunmasına şərait yaradacaq, bu qlobal təhdidə qarşı lazımi cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.