Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan hər zaman BMT-nin sülh və təhlükəsizlik prinsiplərinə sadiq olub – Deputat

Azərbaycan hər zaman BMT-nin sülh və təhlükəsizlik prinsiplərinə sadiq olub – Deputat

304
0
SHARE

Azərbaycan 30 ildir, dünyanın ən böyük, ən nüfuzlu təşkilatı olan BMT-nin üzvüdür. Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi etimad qazanıb, ali qurumun Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə hər zaman töhfə verib. Beynəlxalq sülhyaratma missiyasında ölkəmiz hər zaman fəallığı ilə seçilib. Təsadüfi deyil ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu müddətdə Azərbaycan dünyada sülh və təhlüksəziliyin bərqərar olunması istiqamətində prinsipiallığını davam etdirdi.

“Azərbaycan həm də BMT TŞ-nin müvafiq qətnamələrini məhz ali qurumun nizamnaməsini rəhbər tutaraq özü icra etməklə regionda dayanıqlı sülh üçün zəmin yaratdı.

Eyni zamanda ən mürəkkəb məsələ – COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüskar kimi çıxış etdi. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürdü.

2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr prosesə əlavə töhfə verdi”, – deyə deputat bildirib.

O qeyd edib ki, təsadüfi deyil ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə məhz Azərbaycanda başlandı, 30-dan çox ölkəyə maliyyə- humanitar yardım göstərildi və bu, koronavirusla mübarizənin “Azərbaycan modeli”nin əsas üstünlüklərindən biridir.

“ÜST başda olmaqla əksər beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya siyasətini nümunə kimi qiymətləndirir.

BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində də Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bəyan etdi ki, Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Yəni, bu təşəbbüslərin davamlılığı olduqca vacibdir. Azərbaycan həm də post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edir”, – deyə deputat əlavə edib.