Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdədir.
Baronessa Emma Nikolson, Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək və iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində Azərbaycana üç günlük səfər edib. Bu, Baronessa Emma Nikolsonun Azərbaycana etdiyi 9-cu səfəridir.
Martın 9-dan etibarən başlayan səfərin əsas diqqəti azad edilmiş ərazilərin yenidən qurulmasında gələcək kommersiya imkanlarının araşdırılmasına, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdə Böyük Britaniyanın potensialının təşviqinə yönəldiləcək. Səfər martın 11-də ikitərəfli münasibətlərin 30 illik yubileyini qeyd etmək məqsədilə britaniyalı memar Zaha Hadidin Bakıda layihələndirdiyi dünyaca məşhur Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli mərasimlə başa çatacaq.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bir sıra yüksək səviyyəli rəsmilərlə görüşəcək. Görüşlərin əsas müzakirə mövzusu alternativ enerji mənbələri daxil olmaqla regional eneji təhlükəsizliyi, iqlim dəyişmələrilə mübarizə, qaytarılmış ərazilərin minalardan təmizlənməsinə Böyük Britaniyanın dəstəyi və bu ərazilərdə kommersiya imkanlarının daha da genişləndirilməsi olacaqdır. Baronessa Emma Nikolson yeni təsis edilmiş Britaniyanın Azərbaycandakı Ticarət Palatası, Fintech, İKT və gəmiçilik sahələrində Britaniya şirkətləri və tərəfdaşlarla görüşəcək.Baronessa ADA universitetini və Heydər Əliyev Fondu və BP-nin dəstəklədiyi “Birgə və Sağlam” autizm mərkəzini də ziyarət edəcək.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson səfəri öncəsi paylaşdığı fikirlərdə aşağıdakıları qeyd edib:
“COVID pandemiyası səbəbindən iki illik fasilədən sonra Bakıya qayıda bilmək çox sevindiricidir. Şübhəsiz ki, neft-qaz sektoru və bunun Avropa üçün təmin etdiyi enerji təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir və gələcək onilliklər ərzində ölkələrimiz arasında ticarət əlaqələrimizin ana xətti olmaqda qalacaq. Bununla belə, Azərbaycana hər səfərimdə iki ölkə arasında əməkdaşlığın səhiyyə, İKT, maliyyə, yaşıl enerji və ya minaların təmizlənməsi kimi yeni sektorlara doğru necə genişləndiyini görmək xoş təəsürat bağışlayır.
“Bu səfərimə əlavə dəyər qatan martın 11-də Böyük Britaniya-Azərbaycan ikitərəfli münasibətlərinin 30-cu ildönümünün qeyd olunması tədbiridir. Ölkələrimiz arasında münasibətlərin bütün müsbət tərəflərini tərənnüm etmək və paylaşmaq məqsədilə həm Xarici İşlər Nazirliyində, həm də Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə iştirak etməkdən məmnunam”.