“Zaman dəyişir, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələrin uğurlu icrası isə islahatlar prosesini sürətləndirməyi qaçılmaz edir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirdiyi təkmil islahatlara əsaslanır. Bu baxımdan 2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edən Yeni Azərbaycan Partiyasının ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan təşəbbüslərindən biri də məhz ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seckilərinin nəticəsində formalaşan yeni tərkib özündə dövrün, zamanın tələblərini aydın şəkildə ifadə edir. Belə ki, bütün siyasi qüvvələrin iştirak etdikləri seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Tam əminliklə demək olar ki, altıncı çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açdığını böyük inamla qeyd edə bilərik.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində yer alan çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin əksəriyyətini qazandı: “VI çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində bütün siyasi partiyaların nümayəndələrinin təmsil olunması təqdir edilən mühüm addımlar sırasındadır. Bu baxımdan ki, bu günə qədər belə bir hal olmamışdır. Amma bu günün tələblərindən biri kimi Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün belə bir addımın atılmasına böyük zərurət duyuldu. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır” söyləyən dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir.”
Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyasının formalaşdığını önə çəkən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulur: “Azərbaycan demokratik, hüquqi, sivil dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər bərqərar olub. Siyasi partiyaların fəaliyyəti üçün təkmil qanunvericilik bazası mövcuddur. Qəbul olunan yeni “Siyasi partiyalar haqqında” Qanun partiyalara normal fəaliyyətləri üçün bütün zəruri imkanları yaradır. Hazırda siyasi partiya təsis etmək üçün heç bir ciddi meyar tələb olunmur. 50-dən artıq siyasi partiyanın dövlət qeydiyyatından keçməsi və normal fəaliyyəti də deyilənlərin təsdiqidir.”
Vüqar Rəhimzadə diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi partiyaların ümummilli məsələdə vahid mövqe nümayiş etdirərək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmələrinə və dəstəklərini imzaladıqları bəyanatlarla təsdiqləmələrinə yönəldərək bildirib ki, ölkəmizdə sivil dialoq mühiti mövcuddur: “Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim dialoqun təşkilində maraqlı olmaqla yanaşı, təşəbbüslərlə çıxış edir.
Eyni zamanda Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da ölkəmizdə siyasi dialoq mühitinin, siyasi partiyalar arasında əməkdaşlığın inkişafına xidmət edən uğurlu addımlardandır. Həmin şöbənin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə keçirdiyi görüşlər, müzakirə etdiyi məsələlər bu işə öz müsbət töhfələrini verir.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkədə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclisin qəbul etdiyi yeni qanunlar, eyni zamanda, bəzi qanunların dövrün tələbinə cavab verməsi üçün təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi qarşıya qoyulan hədəflərə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyev qeyd olunan çıxışında deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayandığını bildirərək bu çağırışı etmişdir ki, parlamentin əsas işi qanun yaradıcılığıdır.
“Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir ölkənin inkişafında dayanıqlı iqtisadi tərəqqi əsas rol oynayır: “Hər zaman qeyd edildiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Təkcə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Azərbaycanın hətta inkişaf etmiş ölkələrdən fərqli olaraq iqtisadi durğunluğu yaşamamasına səbəb atdığı addımların sistemli olması ilə bağlıdır. Dövlət başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki, insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi inkişafın dayanıqlığı da təmin edilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında da səsləndirdiyi əsas hədəflərdən biri məhz iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunların qəbul edilməsi oldu. Məsuliyyətin ən vacib məsələlərdən biri olduğu açıqlandı.”
YAP Xətai rayon təşkilatının sədri demokratiyanın vacib amillərindən biri kimi ictimai-siyasi sabitliyi önə çəkərək Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitlik diyarı olmasından bəhs edib: “Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində yaşadığı durum yaddaşlardadır. Azərbaycanda xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizə investisiya axını sürətləndi. Bu günə qədər ölkə iqtisadiyyatına 280 milyard dollar investisiya qoyulması Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirməklə yanaşı, beynəlxalq aləmdə sabit ölkə kimi tanınmasına da işıq salır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.”