Home Biznes və iqtisadiyyat xəbərləri Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yeni kommunikasiya bağlantısı Azərbaycanın növbəti geostrateji uğurudur

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yeni kommunikasiya bağlantısı Azərbaycanın növbəti geostrateji uğurudur

344
0
SHARE

“Məlum olduğu kimi, Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Tarixi hadisə və geostrateji uğur hesab olunan bu memorandum İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu iləNaxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasını nəzərdə tutur. Şübhə yoxdur ki, bu günə qədər Azərbaycanın liderliyi ilə reallaşdırılan BTC, BTƏ, CQD, TANAP, TAP kimi enerji, BTQ kimi nəqliyyat layihələrinin sırasına daxil olacaq yeni kommunikasiya bağlantısı da Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirəcək, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərəcək. Bu layihə də region ölkələri və uzaq coğrafiyadakı dövlətləri birgə əməkdaşlığa sövq edəcək, təhlükəsizlik və inkişaf məsələləri prioritetə çevriləcək. Lakin hər zaman olduğu kimi bu dəfə də Ermənistan bu ümumi inkişaf proseslərindən kənarda qalacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış üçtərəfli, eləcə də sonrakı Moskva, Brüssel bəyanatlarında Ermənistan regional kommunikasiya infrastrukturunun yaradılmasına razılığını bildirsə də, hər zamankı kimi öhdəliklərindən boyun qaçırdı, məqsədli şəkildə əngəllər törətdi: “Baxmayaraq ki, Zəngəzur dəhlizinin yaradılması birbaşa Ermənistanın da iqtisadi baxımdan dirçəlişinə xidmət edəcəkdi, amma İrəvan bu imkandan da yararlana bilmədi. Necə ki, zamanında işğalçı mahiyyətinə görə BTC, BTƏ enerji layihələrindən, BTQ dəmir yolundan kənarda qaldı, kommunikasiya təcridinə düşdü. İndi də Azərbaycan tərəfinin dəfələrlə Ermənistana xəbərdarlıq etməsinə baxmayaraq, onlar bu dəfə də tarixi fürsəti qaçırdılar. Pekindən Londona qədər uzanan ticarət yolunun mühüm bağlantısı olan Zəngəzur dəhlizinin bir hissəsi olmaqdan məhrum oldular. Çox güman ki, Ermənistan tərəfi Azərbaycana sülh danışıqlarında, yaxud perspektiv işlərdə təzyiq etmək fürsəti kimi Zəngəzur dəhlizinin yaradılmasını ləngidirdi. Amma bir daha şahidi oldular ki, Azərbaycan nəinki Ermənistandan, hətta onun havadarlarından daha geniş və strateji düşünür, əməli işlər həyata keçirir. Ermənistanın və onun havadarlarının əngəllərinə baxmayaraq, Azərbaycan Şərqi Zəngəzur iləNaxçıvanı birləşdirəcək kommunikasiya bağlantısını həyata keçirmək üçün tarixi uğura imza atdı. Artıq Ermənistanın heç təsəvvürünə gətirməyəcəyi şəkildə onun sərhədlərindən cəmi 5 kilometr məsafədən mühüm kommunikasiya bağlantısı keçəcək. Bunun iqtisadi dividentlərini isə əsasən Azərbaycan və İran dövlətləri götürəcək. Beləliklə də, Ermənistan növbəti dəfə şansını itirdi, mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı”.

“Yeni kommunikasiya layihəsi böyük iqtisadi dividendlər gətirməklə yanaşı, Naxçıvanın blokadadan çıxarılmasına, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasına səbəb olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, yeni kommunikasiya bağlantısı Azərbaycana İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazandıracaq: “Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, bu layihənin həyata keçirilməsi Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların fonunda daha əhəmiyyətli və perspektivli hesab olunur. Çünki Ukrayna-Rusiya münaqişəsi səbəbindən Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmentinin məhdudlaşdığı bir zamanda Şərqi Zəngəzur iləNaxçıvanı birləşdirəcək kommunikasiya bağlantısının əhəmiyyəti daha da artır. Bu mənada, bütün bunları ümumiləşdirərək demək olar ki, yeni iqtisadi layihənin gerçəkləşməsi Azərbaycan diplomatiyasının mühüm qələbəsi, geostrateji nailiyyətidir”.