Home Manşet İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

573
0
SHARE

Dövlətimizin başçısı İlham Əliyevin hər bir icra başçısını vəzifəyə təyin edərkən onun qarşısına qoyduğu bu prinsiplərə uyğun olaraq atılan addımların uğurlu nəticəsini Xətai rayonu ərazisində görülən işlər bir daha təsdiqləyir

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir rayonu, şəhəri, kəndi və qəsəbəni əhatə edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini irəli sürdü və bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atdı. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan quruculuq meydançasını xatırladır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş əhval-ruhiyyənin yaranmasını şərtləndirir. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoydu, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradıldı, yeni iş yerləri açıldı, əhalinin həyat səviyyəsi daha da yüksəldi. Dövlətimizin başçısı İlham Əliyev rayonlara yeni təyin olunan İcra Hakimiyyəti başçılarını qəbul edərkən uğurlu nəticələrə, eyni zamanda, hədəflərə diqqət yönəldərək bildirir ki, şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir: “Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər.”
Təbii ki, müasirliyi və qədimliyi özündə birləşdirən Bakımızın əldə etdiyi gözəllikdə dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası ilə yanaşı, hər bir rayon rəhbərliyinə tapşırıqları əsasında gördüyü işlər də əhəmiyyətli rol oynayır. Bu gün haqqında bəhs etdiyimiz Xətai rayonu ərazisində Qara şəhərin Ağ şəhərə çevrilməsini xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyev Bakımızın dünənindən və bu günündən bəhs edəndə bu məqamı xüsusi qeyd edir: “İndi bəzilərinin yadından çıxır ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.”

Rayonlar üzrə aparılan quruculuq-abadlıq işləri çərçivəsində Bakı yaşıl parklar, bağlar şəhərinə çevrilib. Parkların sayına görə paytaxtımız dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb.

“Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın” söyləyən dövlətimizin başçısı İlham Əliyev diqqəti tikinti işlərinə yönəldərək bildirir ki, vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır: “Əfsuslar olsun ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu… Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq.”

Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd edir ki, Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Bakı və Bakıətrafı qəsəbələrdə, rayonlarda bütün infrastruktur yaradılmalıdır. “Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq” söyləyən dövlətimizin başçısı qeyd edir ki, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır.

Dövlətimizin başçısı İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrə səfərləri, keçirdiyi görüşlər, rayon rəhbərləri qarşısında qoyduğu tapşırıqlar uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Ölkə Prezidentinin Xətai rayonuna dəfələrlə səfərləri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü, həmçinin müxtəlif sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirakı həmişə yaddaqalan olur. Cənab İlham Əliyev hər çıxışında dövlət məmurlarını xalqla bir olmağa, onların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa, eyni zamanda, inkişafa, quruculuğa böyük töhfələr verməyə, dəstək göstərməyə, səyləri birləşdirib konkret addımlar atmağa çağırışlar edir.

2013-cü ildə cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti bu məqamı da xüsusi vurğulamışdır ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

«Vikipediya»ya müraciət edib öncə Xətai rayonu haqqında bəzi məlumatları oxucularımızla paylaşmaq istərdim.

Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. Əhalisi 297987 nəfər, ərazisi 31,6 kv. km-dir. Əhalinin sıxlığı bir kv.km-ə 9430 nəfərdir. Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən, “Xəzərdənizneftdonanma” İdarəsi, Təcrübə Sənaye Zavodu, “Neft Kəmərləri” İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, “AZƏRİQAZ” ASC və s.

Bu qısa tanıtım səbəbsiz deyil. Ərazi və əhali baxımından böyük olan bu rayonda quruculuq-abadlıq işlərini, insanların rahatlığının təmin edilməsi məqsədilə atılan davamlı addımları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Təkcə cari ilin ötən dövründə görülən işlərə diqqət yetirsək görərik ki, dünyanın, o cümlədən Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərini gündən-günə gücləndirdiyi bir zamanda Xətai Rayon İcra Hakimiyyəti karantin dövrünün qaydalarına riayət etməklə nəzərdə tutduğu bütün layihələrin icrasını, həmçinin quruculuq-abadlıq işlərini uğurla davam etdirmiş, vətəndaş məmnunluğunun artırılması üçün zəruri olan bütün addımları yüksək səviyyədə icra etmişdir.

Hər bir uğurlu nəticə məsuliyyətin, işgüzarlığın, özünətələbkarlığın, ən əsası xalqın, insanların yanında olmaq istəyinin vəhdətindən qaynaqlanır. Xətai rayonunda aparılan quruculuq, adadlıq işləri nəticəsində salınan, eyni zamanda, yenidən qurulan parklarda istirahət edən sakinlərlə söhbətdə ilk olaraq bu məqam xüsusi diqqət çəkdi ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev mütəmadi olaraq insanların arasında olur, sakinlər heç zaman onun rayon rəhbəri olduğunu belə hiss etmir. Çünki insanlarla səmimi ünsiyyətə xidmət edən bu tanışlıqlar, maraqlanmalar öncədən hazırlanan təqdimatlarla müşayiət olunmur. Rayon rəhbərliyini düşündürən əsas məsələ rayon ərazisini addım-addım gəzmək, hər bir sakini dinləmək, onun qayğıları ilə yaxından tanış olmaq, ümumilikdə, xətai sakinlərini düşündürən məsələlərin həlli ilə bağlı zəruri addımları atmaqdır. Dövlətimizin başçısı İlham Əliyevin rayon İcra Hakimiyyəti başçılarından da tələbi budur ki, insanların arasında olun, onların qayğıları ilə maraqlanın, ən əsası təvazökar olun.

Təbii ki, belə olan təqdirdə görülən işin keyfiyyəti və kəmiyyəti də yüksək olacaq. Xətai Rayon İcra Hakimiyyəti başçısının bu təvazokarlığı görülən işlərin miqyasının genişliyindən də aydın görünür.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov «İki sahil» qəzetinə açıqlamasında bu fikri xüsusi qeyd etdi ki, abadlıq- quruculuq işləri çərçivəsində görülən işlərin əsas mahiyyətində dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaş məmnunluğunun artırılması dayanır. Vətəndaşın qayğıları ilə yaşayıb, onların həlli istiqamətində zəruri olan addımları atmaq əsas vəzifələrdəndir.

O da vurğulandı ki, İcra Hakimiyyəti başçısının bu günə qədər həm də səyyar görüşləri olurdu. Həmişə sakinlərə bu müraciət olunur ki, sizin köməyinizə ehtiyac var: «Bu kömək nədən ibarətdir? Problemləri bizə vaxtında çatdırın. Rayon ərazisi çox böyükdür. Əhalisi də çoxdur. Ona görə də mövcud problemləri birlik əsasında gündəmə gətirməyə böyük ehtiyac vardır. İstər insanların müraciətlərinə, istərsə də rayon rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq görüləcək işlər qrafikə salınıb. Mənzil Təsərrüfat Birliyi ilə birgə bütün ərazilərin qrafiki hazırlanıb rayon rəhbərliyinə təqdim edilib. Təxminən 2-3 ay bundan əvvəl 14 ünvanda iş gedirdisə, bu gün artıq bu işlər 8 ünvanda həyata keçirilir. Artıq 6 ünvanda nəzərdə tutulan işlər hissə-hissə görülüb başa çatdırılır. Məsələn, İnqilab İsmayılov küçəsində iki park salındı. Həm küçənin özü, həm də küçə boyu yaşıllıq zolaqları salınıb. Ümumiyyətlə, bütün tədbirlər kompleks şəkildə həyata keçirilir.»

Rayon ərazisində aparılan quruculuq-abadlıq işləri bir vətəndaş olaraq məni ruhlandırdı. Sanki hər bir yenilik insanlara rahatlıqları üçün bir çağırış idi. Parklarda uşaqlar üçün əyləncə, idman qurğularının, böyüklər üçün oturacaqların quraşdırılması, işıqlandırma sisteminin təmin olunması, bir sözlə, istər uşaqların, istərsə də böyüklərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətlərinin təşkili üçün bütün zəruri olan imkanlar yaradılıb.

Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı, şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrinin də əsaslı təmiri və yenidən qurulması işləri aparılır. Bu istiqamətdə görülən işlər çərçivəsində Xətai rayonunun bir sıra küçələrində şəhərsalma və memarlıq tələblərinə uyğun abadlıq-yenidənqurma işləri həyata keçirilir.

Gəncə, Nobel prospektlərində, Y.Səfərov, İ.Orucov, İ.Zülfüqarov, X.Məmmədov, M.Rüstəmov, Neapol, Naximov, İ.İsmayılov, M.Hadi, Vunq-Tau. N.Tusi, Sarayevo və s. küçələrində əsaslı təmir və küçəboyu abadlıq işləri başa çatıb. Bu işlər çərçivəsində binaların yaxınlığında vətəndaşların sərbəst gediş-gəlişinə mane olan və təhlükə yaradan əlavə və yöndəmsiz tikililər, qanunsuz çəpərlər sökülüb. Küçə boyunca səkilərə dekorativ daşlar düzülüb, yol kənarlarında ağaclar, bəzək kolları və güllər əkilib, yeni yaşıllıq zolaqları salınıb. Ağaclara aqrotexniki qulluq edilməsi və yaşıllığın sulanması üçün su xətləri çəkilib. Yaşayış binalarının yaxınlığında salınan parklarda mini stadionlar, uşaq-əyləncə və idman qurğuları, oturacaq və söhbətgahlar quraşdırılıb, şahmat meydançaları yaradılıb. Küçələr boyunca, yeni park və istirahət guşələrində müasir işıqlandırma sistemləri quraşdırılıb.
Eyni zamanda, binaların birinci mərtəbəsində və önündə yerləşən mağaza, ictimai-iaşə obyektlərinin də müasir dizaynla yenidən qurulması həyata keçirilir. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin yeni görünüş alması üçün müasir memarlıq üslubunda rekonstruksiya edərək küçələrin gözəlləşməsinə öz töhfələrini veriblər. Seyid Əzim Şirvani, Qaçaq Nəbi və Naximov küçələrində abadlıq-yenidənqurma işləri davam etdirilir. Küçə və yolların təmiri zamanı zərurət yarandığı təqdirdə xidmət sahələri tərəfindən kommunikasiyalar, qaz və işıq xətləri yenilənir. Burada da yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir, səki və keçidlərə dekorativ daşlar döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemləri qurulur, asfalt örtüyü salınır.

Yaşıllıq zolaqlarının salınması ilə yanaşı, onlara qulluğun göstərilməsi də əsasdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Xətai rayonunda abad nümunəvi həyətlərin sayı bu gün 70-dən çoxdur. Məhəllələrdə “Nümunəvi həyət”lərin salınması isə görülən işlərin tərkib hissəsidir. “Abad həyət”lərdə də istirahət üçün hər cür şərait yaradılıb. Burada idman və şahmat meydançaları, oturacaqlar, günlüklər, balacalar üçün müxtəlif attraksionlar quraşdırılıb. Bütün bunlar isə sakinlərin, eləcə də balacaların asudə vaxtlarının səmərəli təşkili və onların istirahəti üçün geniş imkanlar yaradır.

Əvvəldə də qeyd etdiyimiz kimi, rayon ərazisində bütün ərazilərdə aparılan quruculuq işlərinin xronologiyasını tam təqdim etmək qeyri-mümkündür. Çünki rayonun elə bir ərazisi, küçəsi yoxdur ki, bu yeniliklərdən kənarda qalsın. «Abad həyət»lərin sayı artdıqca ictimai nəzərətə də böyük ehtiyac yaranır. Çünki bu nəzarəti həyata keçirməklə əldə etdiyimiz bu imkanların miqyasını genişləndirmək, həm özümüzün, həm də ətrafdakıların rahatlığını təmin edə bilərik. Məqsəd insan amilinə dəyərdən irəli gələn vətəndaş məmnunluğunun artırılmasıdır.

2020-ci ilin ötən dövründə görülən işlər istər ilin sonu, istərsə də qarşıdakı ilin uğurları barədə aydın təsəvvür yaradır. Pandemiya dövrünün çətinliklərinin arxada qalacağı günə inamı ifadə edən rayon sakinləri, eyni zamanda, bu müddətdə Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasından da razılıqlarını ifadə etdilər. Yol kənarları, park və meydanlar, obyektlərin qarşısı, yol kənarı məhəccərləri ilə yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, burada quraşdırılan idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında belə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi bir daha sakinlərin sağlamlığının təmin olunmasının, xəstəliyə yoluxma hallarının artmamasının rayon rəhbərliyinin diqqətində olan məsələlər sırasında yer aldığını təsdiqləyir. Bu kimi diqqət və qayğı, görülən işlər məmur-xalq birliyinin möhkəmlənməsində stimulverici amildir.Bir rayon ərazisində görülən işlərlə tanışlıq bizdə bir daha bu təəssüratı daha da möhkəmləndirdi ki, Azərbaycan xalqı xoşbəxtdir. Təbii ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsasında saxlayan, hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti, hər bir dövlət məmurunun qarşısında qoyduğu tapşırıqları, bunlar yerinə yetirilmədikdə, vəzifə səlahiyyətlərindən sui-istidfaə edildikdə atdığı addımları ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi şəksiz olacaq. Cənab İlham Əliyevin daim vurğuladığı kimi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi yeni-yeni layihələrə yol açır. Bakı füsunkar gözəlliyi, təhlükəsiz şəhər olması ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin uğurlu siyasəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağımıza böyük əminliklər yaradır. Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini şərtləndirən amilləri diqqətə çatdıran cənab İlham Əliyev bildirir: “Əsas vəzifəmiz, – mən bu vəzifəni çox ciddi qoymuşdum, – ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.” Xətai rayonunda görülən işlər bu məqsədə böyük töhfə, insanlara şayğının nümunəsidir.

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto), «İki sahil»