Home Biznes və iqtisadiyyat xəbərləri Litva və Azərbaycan arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir…

Litva və Azərbaycan arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir…

735
0
SHARE
Xaliq Hüeynov

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilir.

Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. Tarixi əhəmiyyət daşıyan forumda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin, Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda çıxışı zamanı uzun illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib: “Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir”.

Prezident cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, hazırda iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin də sərmayələrinin şaxələndirilməsi çox vacibdir.

Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır.

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: ” Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.

Prezident İlham Əliyev indiki durumu şərh edən bəyanatında isə qeyd etmişdir ki, müharibənin başa çatmasından keçən dövr ərzində sülh və qarşılıqlı əməkdaşlığa üstünlük verən Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur.

Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

 

Xaliq Hüseynov

 YAP Nəsimi rayon təşkilatının İƏPT sədri