Home Gündəm Elman Nəsirov: “Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur”

Elman Nəsirov: “Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur”

444
0
SHARE

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri arasında üçüncü görüş 5 saata qədər davam edib, əhatəli müzakirələrlə yadda qalıb, bir çox məsələlər üzrə prinspial razılaşmalar əldə olunub”.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib ki, danışıqların gedişində və mətbuata bəyanatda bir dəfə belə “Dağlıq Qarabağ’ ifadəsi səsləndirilməyib: “Ermənistan əvvəllər “Dağlıq Qarabağ” ifadəsi işlədir və “müstəqillik”dən bəhs edirdisə, indiki halda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları kimi məsələləri dilə gətirir, bu məsələlər müzakirə olunur. Azərbaycan siyasi rəhbərliyi də dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir, ermənilər də digər etnoslar kimi bərabər hüquqlara malikdirlər və malik də olacaq. Bu, bizim prinspial mövqeyimizdir”.

Deputat qeyd edib ki, Brüssel danışıqlarında humanitar məsələlər də diqqət mərkəzində saxlanılıb: “Bura azad edilmiş ərazilərin minalardan təmizlənməsi və İtkin düşmüş şəxslərin taleyi daxildir. Üçtərəfli görüşdə bu məsələlər də ciddi müzakirə olunub. Azərbaycanın bu məsələlərlə bağlı mövqeyi bəllidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təqdim edib, ancaq bu xəritələrdə dəqiqlik göstəricisi 25 faizə yaxındır. Bu məsələlərə də aydınlıq gətirilməlidir. Eyni zamanda Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə qədər soydaşımızın taleyi ilə bağlı Ermənistan tərəfi Azərbaycana məlumat vermir, bu məsələyə aydınlıq gətirmir. Görüşdə bu məsələlər də ciddi müzakirə predmeti olub”.

Elman Nəsirov Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının diqqət mərkəzində olduğunu söyləyib: “Əvvəlki görüşlərdə sərhədlərin delimitasiyası prosesinin başlaması ilə bağlı razılaşma əldə olunub. Bu dəfə keçirilən Brüssel görüşündə də əldə olunan razılaşmaya əsasən, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq”.

Deputat görüşdə müzakirə olunan ən mühüm məsələlərdən birinin də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və bu kontekstdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması oduğunu nəzərə çatdırıb: “Sayca üçüncü Brüssel görüşündə əldə edilmiş razılaşmaya görə, bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək. Bununla bağlı konkret əməli addımın atılması barədə də razılaşma əldə olunub. Eyni zamanda görüşdə Azərbaycan və Ermənistan arasında beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də müzakirə aparılıb. Nəhayət, bütün bu proseslərin məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması strateji hədəfdir. Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intensiv danışıqlar prosesində həmin hədəfə nail olunması daha ciddi addımlar atılsın. Sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək”.

Elman Nəsirov proseslərdə Avropa İttifaqının rolunun artmasının da diqqət çəkdiyini söyləyib: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və iki dövlət, xalq arasında etimad mühitinin formalaşması üçün Avropa İttifaqı da imkanlarını səfərbər edərək yardım göstərməyi üzərinə götürüb. Bütün bunları nəzərə alaraq demək olar ki, Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində növbəti addımdır, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın növbəti diplomatik uğurudur”.