Home Gündəm Deputat: Zəngilandan verilən mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və ədalətə söykənir

Deputat: Zəngilandan verilən mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və ədalətə söykənir

239
0
SHARE

Mayın 27-də Zəngilana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq bu sırada Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışında bir sıra mühüm məsələlərə kompleks şəkildə toxundu. Dövlətimizin başçısı hər şeydən əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik tariximizlə bağlı fikirlərini bildirərək, onu hazırkı reallıqlarla əlaqələndirdi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, əsl müstəqillik məhz müstəqil siyasət apara bilməkdir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Deputat bildirib ki, Azərbaycan özünün əsl müstəqilliyinə böyük dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra qovuşub. Doğrudan da, əldə etdiyimiz tarixi Zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin oluruq ki, bu tarixi Zəfərə yalnız müstəqil siyasət yürütməklə nail olmaq mümkün idi. Tarixi təcrübəmizdə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin tam nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə əlaqələndirilməlidir.

Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, azad olunmuş torpaqlarımıza “Böyük Qayıdış” prosesinin başlandığını deyən H.Babaoğlu bildirib ki, 10 min kvadratkilometrdən çox ərazi nəhəng tikinti, yol nəqliyyat və enerji kommunikasiyalarının çəkilişi meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir.

“Ermənistan tarixdə bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum olunub. Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların memarı isə Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevdir. Zəngilandan verilən mesajlar da məhz yaradılmış bu reallığın açdığı imkanlara əsaslanır. Bu mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət ədalətə söykənir”, – deyə deputat vurğulayıb.