Home İqtisadiyyat Azərbaycan-Polşa əlaqələri inkişaf edir

Azərbaycan-Polşa əlaqələri inkişaf edir

331
0
SHARE

İyunun 2-də Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüblər.

Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev nümayəndə heyətini salamlayaraq, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin köklərə söykəndiyini deyib, uzun illər əvvəl Azərbaycana köçmüş polyakların yerli əhali ilə birgə mehriban yaşadığını, ölkəmizin bir sıra şəhərlərində memarlıq nümunələrinin inşasında, habelə neft sənayesinin inkişafında polşalı mütəxəssislərin xidmətlərini qeyd edib.

Səttar Möhbalıyev dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıdığını söyləyib, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini deyib.

Dövlətlərimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin mühüm rol oynadığını deyən deputatımız qanunvericilik orqanları arasında əlaqələrin inkişafını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təqdirəlayiq hal kimi qiymətləndirib. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini deyib. Mötəbər beynəlxalq parlament qurumlarında Azərbaycan və Polşa nümayəndə heyətlərinin qarşılıqlı faydalı əməkdaşlığının vacibliyini qeyd edib.

Səttar Möhbalıyev Azərbaycan torpaqlarının uzun müddət Ermənistan işğalına məruz qaldığını deyərək, ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımı barədə danışıb. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Zəfər çalaraq bu işğala son qoyduğunu bildirib, regionda yaranmış yeni reallıqlardan bəhs edib, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska səmimi görüşə və  qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafından danışıb, Azərbaycanın, xüsusilə də  Bakının gözəlliyi barədə xoş təəssüratlarını bölüşüb.

İki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan qonaq qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini qeyd edib. O, Polşanın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Polşalı deputatlar Barbara Bartus və Boquslav Vontor da öz çıxışlarında dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsindən bəhs ediblər, iqtisadi, ticarət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildiriblər.

Söhbət zamanı Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Hüseynova,  Nizami Səfərov iki ölkə arasındakı münasibətlərə dair fikirlərini bildiriblər.

Görüşdə Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamran Bayramov, Vüqar Bayramov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova iştirak ediblər.