Home Cəmiyyət Bakıda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı olub

Bakıda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin açılışı olub

316
0
SHARE

Bu gün Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb.

TAN.AZ xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və digər yerli və xarici çıxışçılar iştirak ediblər.

 Konqres Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra açıq elan olunub.

Konqresi giriş nitqi ilə açan rektor Hafiz Paşayev konqres iştirakçılarını salamlayıb və əlavə edib ki, konqres Qarabağla bağlı mövzulara həsr edilib.

Konqresdə çıxış edən Sahibə Qafarova bildirib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələr elmi dairələrin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələr və xalqlar üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacaq, sosial elmlər sahəsində gələcəkdə təşkil olunacaq müzakirələrə dəyərli töhfə verəcək: “Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir. Hesab edirəm ki, bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Təhsil naziri Emin Əmrullayevin Konqresdə iştirakı bunu bir daha təsdiq edir. Onu da qeyd edim ki, Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan ADA Universitetinin zəngin beynəlxalq və elmi təcrübəsi bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir. 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Konqresin bir mühüm tərəfi isə qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıqdan danışıb: “30 illik işğaldan sonra Qarabağ torpaqları öz sahiblərinə qovuşub. 30 il boyunca davam edən işğalın acı nəticələrinin, Xocalı soyqırımının və digər qətliamların sosial elm adamları tərəfindən dəyərləndirilməsinə ehtiyacımız var. Konqres iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcəklər. Mən o ərazilərə səfər etmişəm. Orada ermənilər tərəfindən törədilən dağıntılar onların nə qədər mədəniyyət, təbiət düşməni olmasını göstərir. Sosial elm adamları da o ərazilərə səfər edəcək və bütün bunları öz gözləri ilə görəcəklər”.

Konqresdə 4 iyuna qədər davam edəcək. Konqresin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.