Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusunda panel keçirilib.
TAN.AZ-ın xəbərinə görə, panelin moderatoru Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000-ci illər), NGBM-nin həmsədri İsmail Serageldin olub.
Xorvatiyanın sabiq Prezidenti (2015-2020-ci illər) Kolinda Qrabar-Kitaroviç deyib ki, hər bir demokratik sistemdə olan amilləri qabartmaq lazımdır: “Mən xüsusilə də söz, fikir azadlıqlarını qeyd etmək istəyərdim. Hökumət mənim gələcəyimə uyğun qərarlar qəbul etdiyi zaman rəyimin alınması lazımdır. İnsanlarla danışmaq, onların hüquqlarını nəzərə almaq lazımdır. Təsisatlar populizmdən uzaqlaşaraq bunu etməlidirlər. Biz insanların, cəmiyyətin arasında güvən yaratmalıyıq. Hesab edirəm ki, demokratiyanın izlənməsi çox vacibdir. Dəyərləri də düzgün paylamalıyıq. Avropa İttifaqının etdiyini biz etməliyik”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti (1999-2007-ci illər) Vayra Vike-Freyberqa qanunun aliliyinin əsas amil olduğunu vurğulayıb: “İnsanlar fərqli fikirləri söyləmək üçün mübarizə aparmalıdırlar”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib ki, müasir dövrdə ombudsman hüquqi dövlətin mühüm atributlarından biri kimi çıxış edir: “Bu gün müxtəlif ölkələrdə fərqli adlarla fəaliyyət göstərdiyinə baxmayaraq, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxs ümumqəbul olunmuş Ombudsman adı ilə tanınır.
Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum olan Azərbaycan Ombudsman təsisatının yaradılmasının artıq 20 ili tamam olur. Bu prinsiplər əsasında fəaliyyət göstərən Ombudsman təsisatı cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdə davam edir”.
Ombudsman qeyd edib ki, bu gün beynəlxalq səviyyədə insan hüquqlarının təmini sahəsində mövcud problemlərdən biri də, sülh və bəşəriyyət əleyhinə, habelə müharibə cinayətlərinin törədilməsində təqsirkar olan şəxslərin ədalət mühakiməsinə cəlb olunaraq cəzalandırılması məsələsidir: “Ümumilikdə 30 il ərzində aqressiya, işğalçılıq siyasəti nəticəsində Azərbaycanın həm ölkə həm millət olaraq üzləşdiyi çətinliklərə dünya ictimaiyyəti göz yumdu, heç bir sərt reaksiya verilmədi və məhz bu cür faktlara göz yumulması və biganəliyin sərgilənməsi nəticə etibarı ilə belə halların indiki müasir dövrdə də təkrarlanmasına gətirib çıxartdı.
Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb.
Genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsin qarşısına çıxarılması məsələsinin hansısa dövlətin siyasi maraqlarından asılı olmamalıdır, çünki bu birbaşa insan hüquq və azadlıqlarının aliliyi prinsipinə ziddir.
2 il ərzində ərzində Azərbaycan Ombudsmanı olaraq işğaldan azad olunmuş torpaqlarımıza çoxsaylı faktaraşdırıcı missiyalar həyata keçirdərək, ölkəmizə qarşı törədilmiş ekoloji cinayətlər, bu ərazilərin minalarla kəskin şəkildə çirkləndirilməsi, tarixi, mədəni və dini irsimə qarşı vandalizm, eyni zamanda müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlər, xüsusilə də bunun nəticəsi olaraq uşaqların qətlə yetirilməsi haqqında geniş hesabatlar hazırlayaraq dünya ictimaiyyətinə ünvanlamışam.
Biz çox istərdik ki, bu hesabatlar dünya ictimaiyyəti və aidiyyati beynəlxalq qurumlar tərəfindən həssaslıqla incələnsin, öyrənilsin,araşdırılsın və gələcəkdə bu müharibə cinayətlərinin törətmiş olan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması zamanı, müvafiq məhkəmə prosesləri zamanı Azərbaycana qarşı törədilmiş olan bu cinayətlərin araşdırılması zamanı danılmaz sübut kimi istifadə olunsun”.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin demokratiyanın bir mədəniyyət olduğunu vurğulayıb.
Liviyanın Avropa İttifaqındakı sabiq nümayəndəsi (2015-2016-cı illər), insan hüquqları müdafiəçisi Fəridə Allaqi Qəddafiyə qarşı etiraz etdiyini diqqətə çatdırıb: “Ancaq bu gün demokratiya deyənlər haradadır? İki parlament, iki hökumət və korrupsiya baş alıb gedir. Mən artıq qaçqınam. Biz çətin bir vəziyyətdəyik. ABŞ-a, NATO-ya müraciət edirəm ki, Liviyanı tərk edin, biz özümüz öz taleyimizi müəyyənləşdirək, yaşayaq”.
Panel müzakirələrlə davam edib.