İyulun 14-də Fransa milli bayramını qeyd edəcək. Bu tarix 1789-cu il iyulun 14-də Paris əhalisi tərəfindən Bastilya həbsxanasının alınması ilə əlamətdardır. Bu hadisə inqilabın başlanğıcıdır və keşməkeşli bir tarixdən sonra şüarı “Azadlıq, Bərabərlik, Qardaşlıq” olan Respublikanın qurulmasına imkan verib.
TAN.AZ xəbər verir ki, bu fikirlər Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı müraciətində yer alıb.
Səfir qeyd edib ki, Fransa qısa müddət sonra – 1992-ci ilin fevralından – sovet imperiyasından ayrılan gənc Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan müstəqillik uğrunda səfərbər olan ilk respublikalar sırasında
Diplomat bildirib ki, tanınmış fotojurnalist Reza Deqatinin diplomatik münasibətlərimizin otuz illiyinə həsr olunmuş “Rezanın daxili Odisseyası” sərgisi Fransa və Azərbaycanda həyatın bəzi məqamlarını əks etdirir və ölkələrimizə göstərilən hörməti ifadə edir.
Z.Qros diqqətə çatdırıb ki, Azərbaycan Respublikası heç də asan olmayan 30 illik yol qət edib. Bu müddət ölkəyə güclü bir dövlət qurmağa və dinamik iqtisadiyyatı inkişaf etdirməyə, əhalinin təhsil və bilik səviyyəsini yüksəltməyə, sosial müdafiə sistemini yeniləməyə, ərazi bütövlüyünü bərpa etməyə və Avropa İttifaqı ilə bənzərsiz bir yaxınlaşmaya imkan verib.
“Fransa bu 30 ildə Azərbaycanın yol yoldaşı olub. İkitərəfli əməkdaşlıq bütün sahələrdə inkişaf edib. Ölkələrimiz arasında ali təhsil, elmi araşdırmalar, mədəniyyət, arxeologiya, enerji, nəqliyyat, su, kənd təsərrüfatı, kosmos sahələrində əlaqələr inkişaf edir. Fransa şirkətləri ölkəyə böyük sərmayə qoyub və ticarəti davam etdirmək istəyirlər. Beləliklə, bu yaxınlarda “Silkways” tərəfindən iki “Airbus A350 F” təyyarəsinin alınması Azərbaycanın hava yükdaşımaları qovşağı kimi mövqeyini gücləndirəcək mühüm seçimdir”, – deyə səfir əlavə edib.
O bildirib ki, bütün bu əməkdaşlıqlar qarşılıqlı hörmət prinsiplərii əsasında və ölkələrimizin mənafeyinə uyğun olaraq həyata keçirilib.
“Mən şübhə etmirəm ki, ikitərəfli əməkdaşlıq hazırda minalardan təmizləmə və itkin düşmüş şəxslərin axtarışı sahələri kimi yeni sahələrdə də davam və inkişaf edəcək. Fransa öz tarixinin və İkinci Dünya müharibəsindən sonra Almaniya ilə tarixi barışmasının təcrübəsini Azərbaycanla bölüşə bilər”, – deyən səfir Cənubi Qafqazda sülhün bərqərar olmasının əhəmiyyətini bildirib. Deyib ki, Azərbaycan və Ermənistanın başladığı danışıqlar tarixidir. Ermənistanla münasibətlərin normallaşdırılması bütün region ölkələrinə fayda verəcək, iqtisadi inkişaf və sosial dinamizm mənbəyi olacaqdır.
Z.Qros sonda deyib ki, Avropa İttifaqı xüsusilə də bir çox sahələrdə yeni əməkdaşlığa imkan verəcək Avropa İttifaqı-Azərbaycan sazişinin bağlanması vasitəsilə bu prosesi dəstəkləmək arzusundadır. Fransa da bunu dəstəkləyir.