Home Gündəm Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul edib

Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul edib

215
0
SHARE

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Tomas Şuller-Qötzburqu qəbul edib.

TAN.AZ Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Ölkəmiz ilə Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edən nazir, ikitərəfli siyasi dialoqun və məsləhətləşmələrin əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir, cari ilin əvvəlində Avstriyaya səfəri də daxil olmaqla, son bir ildə Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq ilə görüşləri və aparılmış müzakirələri məmnunluqla qeyd edərək, həmkarının ölkəmizə səfər edəcəyini gözlədiyini səfirin diqqətinə çatdırıb. O, bölgəmizdə baş vermiş dəyişikliklər kontekstində siyasi, iqtisadi, təhsil, nəqliyyat və tranzit, alternativ və “yaşıl” enerji resurslarının inkişaf etdirilməsi istiqamətlərində, eləcə də humanitar səviyyədə imkanların və əməkdaşlıq perspektivlərinin daha da genişləndiyini qeyd edib.

Səfir Tomas Şuller-Qötzburq Avstriyanın Azərbaycandakı səfirliyinin 12 il əvvəl təsis edilməsinə baxmayaraq, xüsusilə enerji məsələləri olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndiyini məmnunluqla diqqətə çatdırıb. Səfir Avstiya şirkətlərinin ölkəmizə marağının daha da artdığını qeyd edib. Cari ilin may ayında Avstriyadan Azərbaycana ticarət missiyasının həyata keçirildiyini, növbəti belə missiyanın yaxın gələcəkdə planlaşdırıldığını bildirib.

Nazir Ceyhun Bayramov Ermənistanın təcavüzü nəticəsində ölkəmizə və əhalimizə dəyən zərər barədə qarşı tərəfi məlumatlandırıb. Son 30 ildə ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu diqqətə çatdırılıb. O, daha sonra, səfirə bölgədə münaqişə sonrası vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycanla-Ermənistan arasında normallaşma prosesi, habelə bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları və təklifləri barədə məlumat verib. Avstriya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə dəstək verməsinin vacibliyini vurğulayıb.

Səfir ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə səylər göstərəcəyini diqqətə çatdırıb.