Home Gündəm Ceyhun Bayramov: Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri yeni inkişaf mərhələsinə...

Ceyhun Bayramov: Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri yeni inkişaf mərhələsinə çatıb

222
0
SHARE

Avqustun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın ölkəmizə yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfir Elyasov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib. Nazir Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin, aparılan dialoqun və imzalanmış normativ-hüquqi sənədlərin əhəmiyyətini qeyd edib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsindən irəli gələn işlər, bu xüsusda iki ölkə arasında inkişaf edən tərəfdaşlığın vacibliyi vurğulanıb.

Səfir Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun ən səmimi salamlarını çatdıraraq, iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib. Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib və səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov səfir Elyasova Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.