Home Cəmiyyət Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçıları Qarabağın inkişaf strategiyası barədə məlumatlandırılıb

Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçıları Qarabağın inkişaf strategiyası barədə məlumatlandırılıb

339
0
SHARE

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində “Qarabağın inkişaf strategiyası” mövzusunda panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, komitə sədrinin müavini Elşad Əliyevin moderatorluğu ilə aparılan panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdir müavini Vüsal Qarayev, Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin rəhbəri Şərifə Həsənova çıxış ediblər.

Düşərgə iştirakçılarına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma, bərpa-tikinti işləri, açılacaq iş yerləri, turizm potensialı, tarixi-mədəni irsin qorunması və “Böyük qayıdış” layihəsi ilə əlaqədar planlar barədə ətraflı məlumat verilib.

Emin Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir. O, Hadrut və Suqovuşan qəsəbələrinin, Talış və Tuğ kəndlərinin vacib turizm məntəqələrinə çevrilməsinin planlaşdırıldığını vurğulayaraq, Qarabağ iqtisadi rayonunda müxtəlif sahələr üzrə yaradılacaq iş yerlərinin statistikasını təqdim edib.

Vahid Hacıyev qeyd edib ki, Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub və müasir yanaşmalar tətbiq edilib. Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq. İşğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2000 çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir. Artıq 41 ailənin 201 üzvünə evlərin açarlarının təqdim edildiyi, qəsəbədə məşğulluq probleminin olmadığı, sakinlərin əksəriyyətinin işlə təmin olunduğu vurğulanıb. Dayanıqlı kənd təsərrüfatının, turizm potensialının inkişafı üçün əlverişli mühitin olduğu, yerli və xarici sərmayənin yatırılması nəticəsində müxtəlif layihələrin artıq həyata keçirilməyə başladığı bildirilib. Zəngəzur dəhlizinin bir parçası olan və əlverişli coğrafi mövqeyə malik Zəngilanın bölgədə mühüm logistika məkanına çevriləcəyinə diqqət cəlb edilib.

Sonra Zəngilanın işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Məftun Abbasov deyib ki, düşərgə iştirakçıları Şuşada gəzintilər zamanı özləri işğal nəticəsində şəhərə vurulmuş zərərin canlı şahidi olublar. Müharibədən sonra cəmi 7 ay ərzində Zəfər yolunun çəkilməsi ilə Şuşa şəhərinin logistik problemlərinə son qoyulduğu, hazırda mədəniyyət paytaxtımıza ikinci yolun çəkilməsi ilə əlaqədar işlərin aparıldığı, 6 zolaqlı həmin yol təhvil verildikdən sonra Füzuli rayonundan Şuşaya 30-40 dəqiqəyə çatmağın mümkün olacağı bildirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr əsasında bir sıra tarixi və mədəni abidələrin artıq bərpa edildiyi, hazırda bu işin davam etdirildiyi və qısa müddət ərzində yekunlaşacağı vurğulanıb. Şuşanın baş planının Böyük Britaniyanın “Chapman Taylor” şirkəti tərəfindən hazırladığını xatırladan M.Abbasov bildirib ki, plana əsasən, şəhərdə yaşayış binalarının, yaşıl dəhlizlərin inşa edilməsi, şəhər mərkəzinin, qorunub saxlanılacaq tarixi bina və abidələrin yerləri öz əksini tapıb.

Düşərgə iştirakçılarını Şuşa şəhərində görməkdən məmnunluğunu bildirən Samir Hümmətov söyləyib ki, hazırda KOBİA-nın əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə məşğulluğun təmin olunması və sahibkarlığın inkişaf edilməsidir.

Ruslan Ənvərli bildirib ki, bölgədəki tarixi, dini və mədəni abidələrin durumu və dünya standartlarına uyğun bərpası ilə bağlı təlimat hazırlanıb. Dünyada tanıdılması və təbliğ olunması məqsədilə həmin abidələrin UNESCO-nun mədəni irs siyahısına salınması istiqamətində iş aparılır: “Şuşada 210 tarixi və mədəniyyət abidəsi var. Onun təxminən 140-ı qoruq, digərləri isə qoruq kənarı ərazilərə düşür. Düşünürük ki, qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızın, o cümlədən Şuşanın mədəni simasını özünə qaytaracağıq, növbəti səfərlərinizdə hər günün və hər anın daha fərqli olacağını özünüz hiss edəcəksiniz. Mədəni-tarixi abidələrin bərpası üzrə peşəkar mütəxəssis olan diaspor nümayəndələrimiz öz layihələri ilə Mədəniyyət Nazirliyinə müraciət edə bilərlər.”.

Dövlətimizin turizm siyasəti barədə ətraflı məlumat verən Şərifə Həsənova bildirib ki, son 2 il ərzində işğaldan azad edilmiş Qarabağın turizm dəhlizi kimi tanıdılmasına start verilib. Keçən aydan başlayaraq isə bütün beynəlxalq sərgilərdə Qarabağ istiqamətində turizm marşrutunun mümkünlüyünə dair stendlər təqdim edilir.

Vüsal Qarayev bildirib ki, azad edilmiş ərazilərin bərpası üzrə əsas prioritetlər idarəetmə və təhlükəsizlik, infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəallığın təmin edilməsi və iqtisadi sahədə həyata keçirilən digər addımlardır.

Panel iclası düşərgə iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.