Son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir.
TAN.AZ xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bunun əsas səbəbi 44 günlük Vətən müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanatın imzalanmasından sonrakı təxminən 1 il 9 ay müddətində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Öhdəliklər dedikdə, erməni silahlı qüvvələrinin hələ də Qarabağı tərk etməməsini nəzərdə tuturam. Üçtərəfli bəyanatda Ermənistan belə bir öhdəlik götürmüşdü. Sülhməramlılar bölgəyə daxil olduqda, erməni silahı qüvvələri oradan çıxmalı idi. Lakin, orada hələ də erməni silahlı qüvvələri mövcuddur. Onlar avqustun 3-də növbəti dəfə təxribata əl atdılar və gənc bir əsgərimiz şəhid oldu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri “Qisas” əməliyyatını başlatdı. Bu əməliyyatda düşmənə sarsıdıcı zərbələr endirildi. Vasitəçilərin müraciətləri əsasında avqustun 3-ü axşam saatlarında bu əməliyyat dayandırıldı. Ermənistandan təxribatlara son verməsini tələb edirik. Ermənistan öhdəliklərini tam şəkildə yerinə yetirməlidir. Gələcəkdə bənzər bir addım atmamalıdır. Azərbaycanın bu məsələyə yanaşması konkretdir. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin ediləcəkdir. Azərbaycan öz suveren torpaqlarında hər hansı qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna icazə verməyəcək. Bu tələbimiz qüvvədə qalır. Dəfələrlə ifadə etmişik, Ermənistan tərəfinin buna ciddi yanaşması lazım olduğuna inanırıq”, – nazir qeyd edib.