Azərbaycan Respublikasının Dövlət Bayrağı avqustun 26-da Laçın şəhərində ucaldılıb.
TAN.AZ xəbər verir ki, korpus komandiri general-mayor Kənan Seyidov bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Məruzədə qeyd olunub: “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. Dövlətimizin başçısı bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.