Home Gündəm Ankarada Şuşa Bəyannaməsinə həsr olunmuş tədbir keçirilib

Ankarada Şuşa Bəyannaməsinə həsr olunmuş tədbir keçirilib

193
0
SHARE

Türkiyənin paytaxtı Ankara şəhərində “Şuşa Bəyannaməsi ilə qardaşlıqdan müttəfiqliyə gedən yol” mövzusunda tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Şuşa Konqres Mərkəzində baş tutan tədbir ölkəmizin Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin nəzdindəki Azərbaycan Evinin, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirə ölkəmizin və digər türk dövlətləri səfirliklərinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri və soydaşlarımız qatılıblar.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən, qardaşlıqdan müttəfiqliyə aparan yolun tarixindən, dünyada cərəyan edən proseslərin türk dünyasına təsirindən danışıb.

Sonra Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş, mədəniyyət və turizm nazirinin müavini Nadir Arpaslan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev çıxış ediblər. Onlar mədəniyyət paytaxtları, qardaşlaşmış şəhərlər layihələrinin önəmi, türk dünyasının ortaq mədəniyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyi, qlobal mühitdə baş verən hadisələr fonunda türk dəyərlərinin misilsiz gücə malik olması, türk dövlətlərinin birliyi kimi məsələlərə toxunublar. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xatırladan natiqlər Qarabağ Zəfərinin türk dünyasının tarixində əbədi qalacağını və bu amilin türk dövlətlərinin daha da yaxınlaşmasında dönüş nöqtəsinə çevrildiyini vurğulayıblar.

Tədbir Bakı şəhərində keçirilmiş Zəfər paradına həsr olunmuş videoçarxın nümayişi və türk xalqlarının musiqilərinin səsləndirilməsi ilə davam edib.