Home Gündəm Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

230
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirib.

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi və təşəbbüskarlığı haqqında danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təklifini irəli sürüb və 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.

Sahibə Qafarova Parlament Şəbəkəsinin təsis iclasında iştirakına və Bakıda keçirilən birinci konfransa müraciətinə görə Duarte Paçekoya təşəkkürünü bildirib.

Azərbaycan parlamentinin spikeri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində isə Azərbaycanın paytaxtı Bakı şəhərində 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib. Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransın yekununda qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirməklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

O deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla hamını narahat edən məsələlərin həllində birgə işləməyə hazırdır.

Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycanın bu təşkilatın fəal üzvlərindən biri olmasından məmnunluğunu qeyd edərək, Azərbaycanın İPU-nun üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb. O, Parlamentlərarası İttifaqın qarşıdakı dövrdə fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.

O, həmçinin əvvəlki dövrlərdə ölkəmizdə səfərdə olduğunu, Azərbaycan xalqının multikultural dəyərlərinin onda böyük təəssürat yaratdığını qeyd edib.

Duarte Paçeko müasir dövrdə parlament diplomatiyasının, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.