Home Gündəm Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub

Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub

207
0
SHARE

Sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub.

TAN.AZ xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Bolqarıstan Prezidenti Rumen Radev deyib:

– Hörmətli cənab Prezident, bu gün Sizi və Sizin nümayəndə heyətinizi Bolqarıstanda salamlamağa çox şadam.

Biz bu səfəri bir imkan kimi dəyərləndiririk ki, biz Sizin qonaqpərvərliyinizə qarşılıq verə bilək. Biz ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik və müəyyən çağırışların öhdəsindən gəlmək üçün müəyyən imkanları nəzərdən keçirəcəyik. Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək.

Sizin ölkəmizə səfəriniz böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir. Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.

Biz enerji sahəsində əməkdaşlığımıza çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə, biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik. İnnovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir.

Bir daha Sizi salamlayıram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

– Təşəkkür edirəm, hörmətli cənab Prezident. İlk növbədə, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən gözəl ölkənizdə olmağımdan da çox məmnunam, dəvətə görə təşəkkür edirəm.

Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm.

Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.

Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etməliyəm. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir.

Dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm.

***

14:01

Sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub.

TAN.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.