2020-ci ildə Azərbaycan xalqının haqq və ədalət uğrunda Vətən müharibəsi şanlı tariximizə və yaddaşlara təkcə qazandığımız möhtəşəm Zəfər və onun sevinci həkk olmadı. 44 günlük Vətən müharibəsi hər saniyəsi ilə qan yaddaşımıza heç vaxt silinməyəcək tükənməz sevincdən və qürurdan, eyni zamanda şəhidlərimizin kədərindən qaynaqlanan ülvi duyğular yazdı. Hər qarışı uğrunda, düşünmədən əziz canını, həyatını Vətən uğrunda qıyan igid və cəsur oğullarımız xalqımız adına tarixin qızıl səhifələrinə Qəhramanlıq Səlnaməsi yazdılar. Bu müharibədə biz bir daha Müzəffər Ali Baş Komandanımıza, Milli Ordumuzun hər bir əsgər və zabitinə nə qədər borclu olduğumuzu dərk etdik. Bu oğullar təkcə torpaqlarımızı azad etmədi, şərəf və ləyaqətimizdəki ləkəni təmizləmədilər. Bu fədakar və cəfakeş oğullar həm də Azərbaycan Anasının başını uca etdi, onun tarixən müqəddəs Ana adını daha da əzəmətli və məğrur etdi. Dünyaya sübut etdi ki, qəhrəman oğulları ancaq qəhrəman Ana böyüdə bilər.
44 günlük müharibəsinin hər anı bir qəhrəmanlıq və müjdə…Suqovuşanın, Cəbrayılın , Füzulinin alınması ilə artıq düşməni diz çökdürdü və yüzilliklər tarixə malik erməni çətələrinin, erməni faşistlərininin və vandallarının məğlubiyyətinin və təslim olacağının dünyaya anonsunu verdi Rəşadətli Ordumuz. Ali Baş Komandan dünya informasiya meydanında nəinki erməni faşizmini, hətta bu faşizmi dəstəkləyənlərin hər birinin iç üzünü açaraq ifşa etdi. Qürurla deməliyik dünyaya meydan oxudu. Xalqımızın tarixdə misli görünməmiş bir Zəfərə qovuşdurdu. Bu savaş xalqın öz liderinə sevgisini göstərdi. Bir və həmrəy olmağın necə olduğunu sübut etdi. Bu mənada Azərbaycan xalqı çox xoşbəxt xalqlardandır ki, onun Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi Lideri və canını, həyatını gözünü qırpmadan, düşünmədən Vətən torpağı üçün hər an canından keçən igid oğulları var. 44 günlük Vətən müharibəsinin tarixinin hər səhifəsində bir qəhrəmanlıq var, Ana Torpağın, işğaldan azad olunan torpaqlarımızın hər daşının, kolunun, kosunun, yolunun, cığırının səsi var, hələ də soyumamış isti nəfəsi, əcdadımızın duası var. Oktyabrın 17-si Füzuli şəhərinin azad olunması ilə nəinki müharibənin sonunu, düşmənin darmadağın olunmasının anonsu idi, həm erməni xalqının gələcək acı taleyi demək idi. Ona görə Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi günü erməni faşistləri, təcavüzkar qonşumuz və onun “liderləri ” və onları dəstəkləyənlər heç vaxt unutmayacaq. Füzulinin azad edilməsi, Şuşaya Azərbaycan bayrağının sancılacağının müjdəsi idi. Həqiqət də bu oldu. Məhz 2020-ci ilin oktyabrın 17-də ilk olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizləndi. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu istiqamətlərdə gedən döyüşlərdə düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçmışdılar. Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Uğurla aparılan əməliyyatlar nəticəsində Ermənistan ordusunun yüksək rütbəli mühəndis-istehkam rəisi məhv edilmişdi.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda oldular. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Qürurverici bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildilər. Rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olundular.
Qeyd etmək lazımdır ki, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadrat kilometr, əhalisi isə 134 333 nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulubdur.
Xatırlamalıyıq ki, 1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. Bu işğaldan sonra rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.
Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Bütün bu məlumatlar tariximizin səhifələrində yazılsa da, 44 günlük Vətən müharibəsində əyilməz və yenilməz xalqımız dünya tarixinə şəhidlərimizin qanı ilə elə bir qəhrəmanlıq səhifələri yazdı ki, bu bütün dünya xalqları üçün dərs olacaqdır. Allah Şəhidlərimizə rəhmət etsin.Amin! Yaşasın Rəşadətli Milli Ordumuz! Yaşasın Müzəffər Ali Baş Kamandanımız!
Yaşasın Məğrur Azırbaycan Xalqı!
Qarabağ Azərbaycandır!
Məlahət İbrahimqızı. Millət vəkili.