Fransa Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkələrimiz arasında münasibətlərə daha bir zərbə və beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Fransa Senatı tərəfindən qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı 15 noyabr tarixli qətnamə ilə eyni siyasi məqsədə xidmət edən Fransa Parlamentinin 30 noyabr tarixli qətnaməsi də tərəfimizdən şiddətlə qınanmaqdadır. Belə ki, Fransanın qanunverici orqanı – parlament səviyyəsində göstərdiyi qərəzli mövqe erməni əsilli fransız icmasının bəzi nümayəndələrinin “qisas” xülyasının nümunəsidir. Lakin deyəsən onlar unudublar ki, daha öncə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT qətnamələrini dəstəkləyən ölkələrdən biri də məhz Fransa olmuşdu. Fransanın belə ikitərəfli, qeyri-sabit siyasəti, sözsüz ki, sülhə çağırış məqsədi güdmür, əksinə vəziyyəti daha da gərginləşdirir.
Hətta işğalçı Ermənistan dövləti belə oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanımasına baxmayaraq, Fransanın mövcud vəziyyətə obyektiv yanaşma sərgiləməməsi, məqsədsiz addımlar atması dünya ictimaiyyəti tərəfindən də tənqid edilməkdədir.
Qətnamənin gülünc müddəalarından biri də layihə müəlliflərinin Fransa hökumətini erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə çağırışıdır. Lakin 30 illik işğal dövründə erməni vandalları tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-nün tamamilə, 4-nün isə qismən dağıdılaraq yararsız hala salındığını, XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə çevrildiyini nədənsə unudurlar. Bu hadisələr Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi səyi, şəxsən özünün yerindəcə apardığı videoçəkilişlər vasitəsilə dünya ictimaiyyətinə çatdırılmışdı. Bəs Fransa hökuməti bu hadisələri görmürdümü, onda niyə belə mövqe nümayiş etdirmirdi?
Bununla bir daha sübut edilir ki, istər Fransa Senatı, istərsə də Fransa Parlamenti baş verən hadisələrə obyektiv prizmadan yanaşmır. Onlar cinayətkarı dəstəkləməklə həm ölkəmizə qarşı, həm də beynəlxalq hüquq kontekstindən digər dünya dövlətlərinə qarşı hörmətsizlik nümayiş etdirirlər. Belə bir mövqe isə birmənalı olaraq həm beynəlxalq münasibətlər baxımından, həm də Fransanın tez-tez irəli sürdüyü və guya qoruyucusu olduğu insan hüquqları, demokratiya ənənələri baxımından da qəbuledilməz və yolverilməzdir.
Jalə Əliyeva
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini