Home Manşet Vüqar Rəhimzadə: Vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi islahatlar kursunun əsas məqsədidir

Vüqar Rəhimzadə: Vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi islahatlar kursunun əsas məqsədidir

755
0
SHARE

Ölkəmizdə dövlət idarəçiliyinin şəffaflaşdırılması, operativliyinin və səmərəliliyinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsas mahiyyətini təşkil edir. Bu gün Azərbaycan dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modelləri dünyaya təqdim edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Bu xidmətlərin göstərilməsinə sayəsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb, ünsiyyət şəffaflaşdırılıb. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST kimi layihələr idarəetmə sistemində təkmilləşmənin, şəffaflığın qorunmasının aydın mənzərəsini yaradır. Bu sıraya dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da daxildir.

Baş redaktor bildirib ki, ölkəmizin ötən il BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etməsi bu sahədə yenilikləri ilə dünyanın diqqətində olmasının təsdiqi kimi dəyərləndirildi. Çünki belə bir tədbirin keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Forumda Azərbaycan təcrübəsi bütün dünyaya nümunə kimi göstərildi. Bu fikir xüsusi qeyd olundu ki, Azərbaycanın inkişaf modelinin öyrənilməsi və tətbiqi vacibdir. Nəzərə alsaq ki, bu gün dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizə tədbirlərini gücləndirir, belə bir zamanda mövcud, həmçinin postpandemiya dövrü üçün yaranacaq çətinlikləri aradan qaldırmaq məqsədilə iqtisadiyyatın yeni inkişaf strategiyası üzərində işlər aparılmasına, tanınmış beynəlxalq mütəxəssislərlə, alimlərlə fikir mübadiləsinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadın aktuallığı özünü qabarıq şəkildə büruzə verir.

V.Rəhimzadə qeyd edib ki, gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır: «Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan sosial dəstək və məşğulluq tədbirlərinin miqyasını genişləndirir. Ölkəmizdə iqtisadi islahatlar dərinləşdirilir, idarəetmə sistemində təkmilləşmə öz aktuallığını qoruyur və bu islahatlar ümumilikdə hakimiyytin hər üç qolunu – icra, qanunverici və məhkəmə-hüquq sistemini əhatə edir. Azərbaycanın bu uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Belə ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin inkişaf modelini təqdir edir, Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir”.

V.Rəhimzadə qeyd edib ki, şəffaflıq yüksək səviyyədə qorunur, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilir: «Müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturunun, fəaliyyət istiqamətlərinin, prinsiplərinin, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb. Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur”.

Baş redaktor Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüsü də idarəçilik sistemində təkmilləşmənin tərkib hissəsi kimi qeyd edərək bildirib ki, bu mühüm addım ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Nəticə etibarilə idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq. Yenə də bu və digər struktur islahatlarının həyata keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır.