Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.
TAN.AZ xəbər verir ki, bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.
Aksiya dinc şəkildə keçir, hər hansı asayiş pozuntusu baş verməyib.