Home Manşet Prezident İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi dünyada Azərbaycana olan inamın göstəricisidir – Elçin...

Prezident İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi dünyada Azərbaycana olan inamın göstəricisidir – Elçin Əhmədov

570
0
SHARE

Soyuq müharibə dövründə bir sıra dövlətlərin vaxtilə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı müasir dövrdə beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan qurum müəyyən tarixi şəraitdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və əksinə təşkilat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. 1961-ci ildə yaradılan təşkilata üzvlük prinsipləri hələ qurumun təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilmiş “Bandunq prinsipləri” əsasında reallaşır:

“Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Azərbaycanın Hərəkata üzv olduğu 9 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb, təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə Görüşündə bildirdi ki, ölkəmiz Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq, xüsusilə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Bu baxımdan, Zirvə Görüşü ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Bu baxımdan, BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan QH-nın XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir”.

E.Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi təşkilatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü və 2020-ci il mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi:

“Zirvə görüşü zamanı Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün bir ay ərzində BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Artıq, iyulun 10-dan BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başlamış, dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu Yorkda ölkələr arasında müzakirə olunur. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının qəbul etdiyi bütün sənədlərdə Ermənistanın Azərbaycana təcavüzü pislənmiş, güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulanmış və işğalçılıq siyasətinə son qoyulması üçün münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi bildirilmişdir”.