Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və səfirliyin əməkdaşı Vasif Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisi hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.
TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair məlumatında bildirilib.
Qeyd olunub ki, səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb.