Home Manşet Şəbnəm Həsənova: Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir

Şəbnəm Həsənova: Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir

749
0
SHARE

“Eurasianet.org adlı beynəlxalq araşdırma saytına əsasən, erməni müəllif Ani Mejlunyan məqaləsində “Qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri” Arayik Arutunyanın sözlərinə görə, Ermənistan hökümətinin ayırdığı maliyyə dəstəyi ilə Livan ermənilərini hal-hazırda işğal olunmuş Dağlıq Qarabağ bögəsinə köçürüldüyünü etiraf edib. Bu faktı Livandakı erməni diasporunun rəhbəri Zareh Siranyan da təsdiqləyir. Bütün bunlar bexəlxalq hüquqa zidd olduğu halda bu köçürülmə aparılır”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, işğal olunmuş tarixi torpaqlarımızda Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti bu dövlətin işğalçı mahiyyətini bir daha sübut edir: “Üstəlik, bu məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdır. Lakin düşünürəm ki, məsələnin tək qeydə alınması kifayət etmir və Azərbaycan tərəfini qəti şəkildə qane etmir. ATƏT Ermənistanın bu əməllərinin qarşısının alınması istiqamətində konkret tədbirlər görməlidir. Şübhəsiz ki, Ermənistanın bu cür davranışları, danışıqlar prosesinə kölgə salmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulması deməkdir”.

Politoloq bildirib ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirib: “Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri də göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu səfərin özü də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğundan, hərbi əməliyyatların yenidən bərpasından, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindən xəbər verir. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxarda bilər. Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir. Azərbaycan tərəfi isə belə təhlükələrin qarşısını almaqda qətiyyətlidir”.

Ş.Həsənova vurğulayıb ki, eyni zamanda nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır: “Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların ola bilmə ehtimalı böyükdür. Tarixə nəzər saldıqda isə, bu faktlarla təsdiqlənir. Belə ki, dünyanın müxtəlif yerlərində terror aktları törətmiş, türk diplomatlarını qətlə yetirmiş erməni terror təşkilatı ASALA da məhz Livanda yaradılmışdır. Bu isə ermənilərin adət etdiyi klassik bir haldır. Ermənistan atdığı bütün addımlarla Cənubi Qafqazı qan gölünə çevirmək siyasəti yürüdür. Bunu son günlərdə Ermənistan tərəfindən atılan daha bir fakt təsdiq edir. Belə ki, 2020-ci il sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilib. Üzdə özünü Gürcüstanın dostu kimi göstərən Ermənistan bu qətnaməni dəstəkləmədi və bununla da Gürcüstana və onun ərazi bütövlüyünə növbəti dəfə zərbə vurdu. Ermənistan nəinki təkcə Azərbaycana düşmən siyasət yürüdür, eyni zamanda, bu dövlət regionda pozuculuq siyasəti yürüdür və onun stabilliyinə zərər vurur və ciddi təhlükə yaradır”.