Home Gündəm XİN İsraildə Azərbaycan Səfirliyinin açılması ilə bağlı məlumat yayıb

XİN İsraildə Azərbaycan Səfirliyinin açılması ilə bağlı məlumat yayıb

159
0
SHARE

29 mart 2023-cü il tarixində, xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.

TAN.AZ xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Tədbirdə həmçinin İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, çoxsaylı millət vəkilləri, Knessetin təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Yuli Edelşteyn, İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin üzvləri, Yisrael Beytenu partiyasının sədri Aviqdor Liberman, Azərbaycan yəhudi icmasının üzvləri, İsrailin ictimai-siyasi xadimləri, Knessetin sabiq spikeri Dalia İtzik, Qüds merinin müavini və s. rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, Səfirliyin açılmasının Azərbaycan və İsrail arasında mövcud olan strateji münasibətləri daha da dərinləşdirəcəyini qeyd edərək, həmçinin, İsraildə Azərbaycan icmasının iki ölkə arasında münasibətlərdə vacib rolunu vurğulayıb.

Azərbaycanın İsrail ilə münasibətlərə verdiyi önəmdən bəhs edən nazir, bu münasibətlərin xalqların birlikdə sülh və əmin-amanlıq içində birgə yaşayışına dayandığını bildirib. İkitərəfli münasibətlərdə ölkələr arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, habelə birgə Hökümətlərarası Komissiyanın işinin vacibliyi qeyd olunub.

Tədbirdə daha sonra çıxış edən İsrail xarici işlər naziri Eli Kohen təhlükəsizlik, iqtisadiyyat, enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perkspektivlərini vurğulayıb. Səfirliyin açılmasının münasibətlərdə olduqca önəmli tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Nazirlərin iştirakı ilə daha sonra Azərbaycanın İsraildəki Səfirliyinin adının əks olunduğu lövhənin açılış mərasimi keçirilib.

Tədbirdə həmçinin Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərgi nümayiş etdirilib.

Tədbir Azərbaycanın klassik və xalq musiqisinin görkəmli nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.