Home Gündəm Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir

Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir

159
0
SHARE

Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulsa da, müasir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfərini müasir dövrdə iki ölkə arasında münasibətlərin təməli hesab etmək olar.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu da təsadüfi deyil, çünki Çin beynəlxalq münasibətlər sistemində xüsusi rola malikdir. Çinin həm siyasi iradəsi, həm də iqtisadi potensialı ilə yeni dünya düzənindəki rolunun getdikcə artacağı şübhəsizdir. Bundan başqa, beynəlxalq arenada birqütblülüyə qarşı çıxan əsas qüvvələrdən biri olması, “Bir kəmər və bir yol” strategiyası da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq üçün irimiqyaslı təşəbbüslər irəli sürməsi, dünyada sülhün və sabitliyin qorunmasına, bəşəriyyət üçün ortaq gələcəyin qurulmasına yönələn fəaliyyəti Çinin beynəlxalq münasibətlər sistemində nüfuzunu getdikcə artırır. Burada bir məqamı da xüsusi qeyd etmək yerinə düşər. Çinin hazırki iqtisadi inkişaf tempi, müasir texnologiyalar istehsalındakı nailiyyətləri olmasaydı, yəqin ki, Qərb dünyada yüksək texnologiyalar sahəsində monopoliya təmin edərdi. Bu da öz növbəsində, digər ölkələrin müasir texnologiyalara çıxışını məhdudlaşdırmış olardı. Bundan başqa, COVID-19 virusu ilə mübarizədə tələbatdan dəfələrlə çox peyvənd ehtiyatı yığaraq, ehtiyacı olan ölkələrin vaksinlə təminatına çətinliklər yaradan Qərb dövlətlərindən fərqli olaraq, Çin “vaksin millətçiliyi”nə qarşı çıxaraq, öz əhalisinin vaksinasiyası ilə yanaşı, xarici ölkələrə də peyvənd tədarük edirdi. Çin Azərbaycanın da müraciətinə dar günün dostu kimi operativ reaksiya verərək, ölkəmizin vaksinlə təminatında böyük rol oynayıb. Bütün bu məqamlar Azərbaycanın Çin ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verməsini təsdiqləyən amillərdir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması, ölkəmizdəki siyasi sabitlik, iqtisadi potensial, investisiya imkanları, əlverişli coğrafi mövqe, nəqliyyat-logistika imkanları Azərbaycanı Çin üçün cəlbedici ölkə edir. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu zamanı Çinin CGTN kanalına müsahibəsində iki ölkə arasında əməkdaşlıq üçün çox möhkəm platformanın qurulduğunu qeyd edərək, siyasi münasibətlərin Azərbaycan ilə Çinin yaxşı tərəfdaş və etibarlı dostlar olduğunu nümayiş etdirməsi barədə fikirləri iki ölkə arasında münasibətləri xarakterizə etmək üçün ən yaxşı istinaddır. Bu il 10 yaşı tamam olan Çinin “Bir kəmər və bir yol” təşəbbüsü isə həm ikitərəfli iqtisadi-ticari münasibətlərdə yeni imkanlar yaradıb, həm də təxminən 500 milyard dollar dəyərində olan Çin-Avropa ticarət əlaqələrində Azərbaycanın rolunu daha da önə çıxarıb. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan nəqliyyat-logistika sahəsində yaratdığı infrastruktur potensialı ilə artıq mühüm əhəmiyyət kəsb edən işləri yerinə yetirib. Son illər dünyadakı geosiyasi vəziyyət fonunda yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması baxımından “Orta dəhliz”ə marağın artması müşahidə olunur.

İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında dostluq əlaqələrini, sıx dialoqu, qarşılıqlı hörmət və etimadı mütləq qeyd etməliyik. Rəsmi Pekinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə siyasi, iqtisadi, mədəni əlaqələrə necə böyük önəm verdiyi Çin Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə vaxtaşırı keçirilən görüşlərində, ona ünvanlandığı məktublarında qeyd etdiyi fikirlərdə də əksini tapıb. Həmin fikirlərin ana xəttini Si Cinpinin Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verməsi, dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafı üçün Prezident Əliyevlə birlikdə çalışmağa hazır olmasıdır. Təsadüfi deyil ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu adlandırıb.

Beləliklə, iki ölkənin potensialını nəzərə alaraq deyə bilərik ki, Azərbaycan-Çin münasibətləri inkişaf dinamikasını qarşıdakı illərdə də qoruyub saxlayacaq. Bu dinamikanı təmin edəcək amillər isə həm tarixi dostluq ənənələri, həm dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı yürütdüyü siyasətdir.