Xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubeli post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırıb.
TAN.AZ xəbər verir ki, nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb.
Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.