Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının komissiya iclasları keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin deputatları Fəzail Ağamalı və Jalə Əliyeva təmsil edəcəklər.
Fəzail Ağamalı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək. Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, dövlətin ekoloji siyasətinin yerli səviyyədə həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Jalə Əliyeva isə MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasına qatılacaq. Yığıncaqda “Orqanik kənd təsərrüfatı haqqında”, “Atmosfer havasının qorunması haqqında”, “Torpağın mühafizəsi haqqında”, “Ekoloji monitorinq haqqında” model qanun layihələrinə və digər məsələlərə baxılacaq.
Deputatların səfəri mayın 22-dən 25-dək davam edəcək.