Home Gündəm Milli Məclisin sədri Litva Seyminin sədr müavini ilə görüşüb

Milli Məclisin sədri Litva Seyminin sədr müavini ilə görüşüb

118
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini Yonas Yarutislə görüşüb.

Milli Məclisdən bildirilib ki, qonağı salamlayan Milli Məclisin sədri dəvəti qəbul edərək ölkəmizə səfərə gəldiyinə görə Litva Seyminin vitse-spikerinə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu konfransın mövzusu həm ölkəmiz, həm də bütövlükdə müasir dünya üçün çox vacibdir.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan-Litva münasibətlərinin hazırkı inkişafı məmnunluq doğurur. O, bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev Litvada rəsmi səfərdədir və bu gün keçirilmiş görüş və tədbirlər iki ölkə arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bu səfəri bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının bariz nümunəsidir.

İki ölkənin qanunvericilik orqanları arasında münasibətlərdən danışan spiker Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə qarşılıqlı işçi qruplarının xüsusi rolunu qeyd edib. O, özünün ötən il Litvaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycanın 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə həyata keçirdiyini deyən Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan hazırkı vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. Spiker bildirib ki, Azərbaycan Ermənistanın Laçın yolundan qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün orada keçid məntəqəsi quraşdırıb. Bu yoldan mülki şəxslərin keçidi və onun humanitar məqsədlərlə istifadəsində heç bir problem yoxdur.

Milli Məclisin sədri qeyd edib ki, hazırda iki ölkə arasında sülh danışıqları gedir. O, Azərbaycanın tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasını, işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun bərpa olunmasını istədiyini və bu istiqamətdə səy göstərdiyini qonağın diqqətinə çatdırıb.

“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” kimi mühüm mövzuya həsr edilmiş konfransa dəvətə görə təşəkkür edən Litva Seyminin vitse-spikeri Yonas Yarutis, Prezident İlham Əliyevin Litvaya rəsmi səfərinin əhəmiyyətindən danışıb, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Bu il Azərbaycanda və onun hüdudlarından kənarda dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu xatırlayan qonaq, bu münasibətlə təbriklərini çatdırıb. Vitse-spiker ölkəsinin enerji sahəsindəki siyasətindən danışıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib rolu barədə fikirlərini bölüşüb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb.