Home Gündəm Azərbaycan XİN Ermənistanın ölkəmizin əleyhinə bəyanatına cavab verdi

Azərbaycan XİN Ermənistanın ölkəmizin əleyhinə bəyanatına cavab verdi

118
0
SHARE

Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi, daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir.

TAN.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in ölkəmizin əleyhinə bəyanatına dair şərhində əksini tapıb.

Bildirilib ki, həm işğal dövründə, həm də münaqişənin həllindən sonra sülhün bərqərar olunması istiqamətində danışıqlar prosesinə maneçilik törətmək məqsədilə Ermənistanın mütəmadi əsasda Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətdiyi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar olub.

“Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.

Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etməsi tələb olunur”, – deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.