Prezident İlham Əliyev Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli Albert Anatolyeviç. Əlamətdar tarix – anadan olmağınızın 85 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Siz yaşadığınız illərə, böyüməkdə olan nəslə yorulmadan qayğı göstərməyə həsr edilmiş parlaq həyat yolunuza görə haqlı olaraq fəxr edə bilərsiniz. Artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu Sizin rəhbərliyinizlə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmiş mühüm iş aparır. Uşaqların müdafiəsi üzrə çoxillik səmərəli ictimai fəaliyyətiniz Sizə təkcə Rusiyada deyil, bütün dünyada xeyirxah qəlbli bir insan kimi ümumi hörmət və ehtiram qazandırıb.
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər.
Hörmətli Albert Anatolyeviç, yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.