Home Gündəm Azərbaycan və Gürcüstan parlamentləri arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Gürcüstan parlamentləri arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

96
0
SHARE

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev iyulun 5-də bu ölkənin parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Arçil Talakvadze ilə görüşüblər.

TAN.AZ xəbər verir ki, görüşdə ölkələrimiz arasında, xüsusən də parlamentlər arasında əlaqələr diqqət mərkəzində olub. Hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Arçil Talakvadze Gürcüstanın ərazi bütövlüyünü və Avropaya inteqrasiyasını dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlıq edib. Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm verdiyini qeyd edib.

Arzu Nağıyev deyib ki, Azərbaycan yaxın qonşu və dost Gürcüstanla əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.

Söhbət zamanı hər iki ölkənin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanmış sənədlər əlaqələrimizin daha da inkişafına xidmət edib. Bunun nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Söhbət zamanı Azərbaycanla Gürcüstanın regionda sülhün bərqərar olunmasında, iqtisadi inkişafında böyük rol oynadıqları, bu işdə parlamentlərin rolu xüsusi qeyd olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.