Home Gündəm Daimi nümayəndə: Azərbaycan beynəlxalq hüququn pozulmasına dözməyəcək

Daimi nümayəndə: Azərbaycan beynəlxalq hüququn pozulmasına dözməyəcək

93
0
SHARE

“Keçmiş münaqişənin yaralarının sağalması və həqiqi barışıq Ermənistan silahlı qüvvələrinin törətdiyi ağır hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər də daxil olmaqla, keçmiş və yaxın vaxtlarda baş vermiş qanunsuzluqlara münasibətdə ədalətin təmin edilməsini tələb edir”.

TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında deyib.

“Təəssüflər olsun ki, Ermənistan 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi ilə bağlı məlumatların açıqlanması ilə bağlı humanitar və insan haqları qanunları üzrə öhdəliklərinə əməl etməyə dair ardıcıl çağırışlarımıza məhəl qoymamağa davam edir.

Ermənistan və onun silahlı qüvvələri tərəfindən 44 günlük müharibə zamanı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hələ də araşdırılmayıb və günahkarlar məsuliyyətə cəlb edilməyib. Bu, Ermənistanın qəsdən Azərbaycanın mülki yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və Tərtəri ağır artilleriya və raketlərlə – ballistik və kaset sursatları ilə vurması və nəticədə 100-dən çox dinc sakinin, o cümlədən 12 qadının və 27 uşağın həyatına son qoyduğu və 405 nəfərin yaralanması ilə nəticələn Ermənistanın qəddar terror taktikasını da əhatə edir.

Maraqlıdır ki, Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq müharibəsinin başlanmasına, sistemli və geniş yayılmış hərbi cinayətlər və digər vəhşiliklərə görə tam məsuliyyət daşıyan, BMT Təhlükəsizlik Şurasının məcburi qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanı etnik təmizləmədə günahlandırır.

Ermənistanın tələsik və saxta məhkəmə prosesindən sonra itkin düşmüş, işgəncələrə, ləyaqəti alçaldan rəftara və uzunmüddətli həbslərə məruz qalmış Azərbaycan hərbçilərini vətənə qaytarmaqdan imtina etməsi, həmçinin 2020-ci ilin üçtərəfli bəyanatından sonra belə minalanmış ərazilərin bütün xəritələrini təqdim etməməsi, yeni minaların və digər partlayıcı maddələrin yerləşdirilməsinə davam etməsi də bu cür davranış nümunəsidir. Təsadüfi basdırılmış minalar demək olar ki, hər gün insanların həyatına son qoymağa davam edir. 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından bəri 300-dən çox şəxs minaların qurbanı olub”, – daimi nümayəndə vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn pozulmasına dözməyəcək və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcək: “Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə məsuliyyətə cəlb etmək və cəzalandırmaq üçün məhkəmə prosesləri başladıb. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquq pozuntularının qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir.

Azərbaycan normallaşma prosesinə sadiq qalır. Bununla belə, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını qorumaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək”.