30 il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır.
TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Le Monde qəzetinə müsahibəsində səsləndirdiyi fikri şərh edən zaman bildirib. Qeyd edilib ki, Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir.
Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir.
Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək.