Home Gündəm Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub

107
0
SHARE

Avqustun 30-da Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə 101 il əvvəl Türkiyə xalqı və ordusu bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

TAN.AZ xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 30-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səslənib.

Əvvəlcə Zəfər bayramının tarixi barədə məlumat verilib. Bildirilib ki, Türkiyə xalqı və Türkiyə Silahlı Qüvvələri qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 101 il bundan əvvəl, 1922-ci il avqustun 30-da tarixi zəfər qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.

Şəhidliyin xatirə dəftərini imzalayan səfir bildirib ki, Türkiyə xalqı bu qələbəni əzmkarlıq və dəyanətlə qazanıb.

Cahit Bağçı deyib: “105 il bundan əvvəl azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxu Şəhidlər xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşırlar. Azərbaycanın hər yerində Türkiyə şəhidlərinin xatirəsinə böyük ehtiram duyulduğunun şahidi oluruq.

Şəhidlərimiz 105 il bundan əvvəl “bir millət, iki dövlət” ifadəsinin sarsılmazlığını sübuta yetirdilər. Biz bu qardaşlığımızın sarsılmazlığını inamla davam etdirəcəyik”.

Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Mərasim iştirakçıları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.