Home Gündəm Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb

Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb

91
0
SHARE

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.

Nazirlikdən verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, parlamentlərarası əlaqələr, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə inkişaf edən əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

Ölkələrimiz arasında son illərdə daha da intensivləşən yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına daha da təkan verdiyi vurğulanıb. 4 sentyabr tarixində xarici işlər nazirləri arasında keçirilmiş Azərbaycan-Macarıstan Strateji Dialoqunun gələcək əməkdaşlıq istiqamatlərinin müəyyənləşdirilməsi və praktiki implementasiyası üçün faydalı olduğu qeyd edilib.

İkitərəfli münasibətlərin inkişaf dinamikasının davamı olaraq, bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edən parlament diplomatiyasının, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivliyinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalının fəsadları, 2020–ci ildən sonra post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycanın normallaşma prosesinin irəlilədilməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinin, Azərbaycan ərazilərində mövcud olan silahlı qüvvələrini hələ də tam olaraq ölkəmizin ərazilərindən çıxarılmamasının bölgədə dayanıqlı sülhün bərqərar olmasına maneə törətdiyi, əsas təhdid mənbəyi olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bölgəmizdə davam edən genişmiqyaslı mina təhdidi diqqətə çatdırılıb.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün “Ağdam-Xankəndi” yolunun açılmasının və buna parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırki vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərdiyi bildirilib.

Milli Assambleyasının sədri Laslo Köver, Azərbaycan və Macarıstan arasında strateji xarakter daşıyan əlaqələrin inkişafında ali və yüksək səviyyəli təmasların, Parlament sədrləri ilə yanaşı, Parlament dostluq və ekspert qrupları arasında sıx əməkdaşlığın rolunun vacibliyini qeyd edib. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün perspektivlərin mövcudluğu, bu istiqamətlərdə imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.