Oktyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, çoxtərəfli platformalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.
Azərbaycan ilə Tacikistan arasında mövcud olan dostluq münasibətlərindən söz açan nazir Ceyhun Bayramov bu əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusilə vurğulayıb və Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakını məmnunluqla qeyd edib.
İki ölkə arasında geniş investisiya potensialının mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov bu xüsusda ölkələrimizin nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf potensialının olduğunu söyləyib. Bakı–Düşənbə birbaşa təyyarə reyslərinin ölkələrimiz arasında bu sahədə, habelə turizm sektorunda əlaqələrin güclənməsində böyük rol oynadığı vurğulanıb.
Bölgədə mövcud vəziyyət barədə həmkarına məlumat verən Ceyhun Bayramov erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilmiş lokal antiterror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reinteqrasiyası səyləri barədə danışan nazir bu xüsusda ölkəmiz tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd olunub.
Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin öz növbəsində Azərbaycan tərəfinə qonaqpərvər qarşılamaya görə minnətdarlığını bildirib. O, Azərbaycan–Tacikistan qardaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf etdiyini, iki ölkə arasında logistika, nəqliyyat, turizm və digər sahələrdə geniş əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.