Azərbaycanın inkişaf strategiyasının əsas xətti yalnız paytaxt Bakı şəhəri və Abşeron yarımadası ilə məhdudlaşmır. Elə bu səbəbdəndir ki, regionların da sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, cənab Prezidentin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda da abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir:
“Regionların iqtisadiyyatı möhkəmlənməklə yanaşı, eyni zamanda burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və əhalinin məşğulluğunun artırılması istiqamətində əməli işlər görülür. Təkcə İsmayıllı rayonunun inkişaf statistikasına nəzər yetirdiyimiz zaman görürük ki, 2003-cü il ilə nisbətdə 2019-cu il üzrə məhsul buraxılışı 3.4 dəfə, sənaye 1.8 dəfə, kənd təsərrüfatı 1.5 dəfə, əsas kapitala yönəldilmiş məhsul 80.9 dəfə, tikinti quraşdırma işləri isə 92.1 dəfə artmışdır. Bundan əlavə, rayonda görülmüş işlər sırasında Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsidir ki, bu da yaşayış məntəqələri arasında, eləcə də rayon mərkəzinə əhalinin gediş-gəlişinin rahatlaşdırılması baxımından son dərəcə mühüm addımdır. Regionlarda sosial məsələlərin həlli də ən prioritet məsələlərdən biridir. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir”.
Politoloq Prezident İlham Əliyevin ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxladığını, regionların inkişafı dövlət başçısının həyata keçirtdiyi siyasətin prioitet istiqamətlərindən biri olduğunu söyləyib:
“Bu siyasətin əsas məqsədi paytaxt Bakı şəhəri ilə yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır. Ölkə başçısının bu günlərdə Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri də bu faktı bir daha təsdiq edir”.
O bildirib ki, ölkəmizdə pandemiya şəraitinin hökm sürməsinə və bu səbəbdən iqtisadiyyatımızın inkişaf tempinin nisbətən azalmasına baxmayaraq, regionlarda sosial layihələrin reallaşdırılması işinə fasilə verilmir:
“Yeni xəstəxanalar yaradılır, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlər həyata keçirilir. Dövlətin heç bir sosial layihəni ixtisara salmaması, əksinə, sosial tədbirləri daha da gücləndirməsi cənab Prezidentin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial siyasətin təzahürüdür. Onun təsdiq etmiş olduğu “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ixtisar edilmədən planlı və ardıcıl şəkildə müvəffəqiyyətlə həyata keçirilir.
Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür”.
Politoloqun fikrincə, cənab Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir:
“Dövlət başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koronavirus xəstələri üçün modul tipli xəstəxanaların, Balakəndə ASAN xidmət mərkəzinin, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı, İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirakı və digər mühüm obyektlərin açılışlarında iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalanması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Balakən rayonunun Yeni Şərif, İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi məqsədilə verilən sərəncam, İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam, Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam, ümumilikdə rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalanması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Balakəndə regional “ASAN xidmət” mərkəzinin açılışı region əhalisinə paytaxt əhalisi ilə eyni həyat standartlarının çatdırılması baxımından son dərəcə mühüm addımdır.
Eyni zamanda, pandemiya şəraitini nəzərə alaraq koronavirusla mübarizə tədbirləri çərçivəsində ümumilikdə ölkə üzrə 10 modul tipli xəstəxananın quraşdırılması nəzərdə tutulub ki, ölkə başçımızın rayonlara olan bu səfəri çərçivəsində də dörd modul tipli xəstəxanın Qobustan, İsmayıllı, Şəki, Qəbələ rayonlarında açılması pandemiya ilə mübarizə istiqamətində atılmış mühüm addımlar sırasındadır. Bu gün Azərbaycanda 9 modul tipli xəstəxana artıq istifadəyə hazırdır. 10-cu xəstəxananın avqust ayında istifadəyə verilməsi gözlənilir.
Görülən tədbirlərin real nəticəsidir ki, Azərbaycanda koronavirus xəstəliyinin nəzarət altında saxlanılması mümkün omuşdur. Azərbaycanda yeni xəstəxanaların açılması nəticəsində əlavə 6 minlik əlavə çarpayı fondu yaradılır. Azərbaycan dövləti insanların tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edib və lazım olan bütün işlər görülür. Heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır”.