Home Gündəm Parlament sədri: Türkmənistanla Azərbaycan arasında dost və qardaşlıq münasibətləri yeni inkişaf mərhələsinə...

Parlament sədri: Türkmənistanla Azərbaycan arasında dost və qardaşlıq münasibətləri yeni inkişaf mərhələsinə çatıb

90
0
SHARE

Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.

Səfirlikdən bildiriblər ki, Dünyagözəl Qulmanova Qismət Gözəlovu Türkmənistana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Parlamentin sədri Türkmənistanla Azərbaycan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, iki ölkə arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin və strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Münasibətlərin möhkəmləndirilməsində parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Səfir Qismət Gözəlov Azərbaycan ilə Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb. İki qardaş xalq və ölkə arasında dostluq və mehriban qonşuluq dialoqunun möhkəmləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyətinə toxunub. Səfir qeyd edib ki, bu xüsusda 2022-ci ilin dekabr ayında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Türkmənistana səfəri və səfər çərçivəsində parlamentlərimiz arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir.

Görüşdə iki qardaş ölkə arasındakı strateji münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edilib.

Dünyagözəl Qulmanova səfirə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və münasibətlərin inkişaf perspektivləri istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.