Noyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlərin geniştərkibli görüşündə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri, bu sahədə mövcud çağırışlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu il sentyabrın 19-20-də Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərinin ölkəmiz tərəfindən beynəlxalq ictimaiyyətin qarşısında daimi əsasda qaldırılan qeyri-qanuni erməni silahlı qüvvələrin təhdidinə qarşı yönəldiyi bildirilib. Görülən tədbirlər nəticəsində suveren ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının bir daha aydın olduğu diqqətə çatdırılıb.
Son 30 ildə bölgəyə ilk dəfə səfər edən beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı, erməni sakinlərin bölgəni könüllü şəkildə tərk etməsinin səbəbinin isə ərazilərimizdəki qeyri-qanuni rejimin azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünsüzlüyü ilə bağlı apardığı təbliğat, habelə Azərbaycan Hökumətinin nümayəndələri ilə erməni sakinlərin təmsilçiləri arasında görüşlərin nəticələrinin onlara çatdırılmaması olduğu vurğulanıb.
Bu istiqamətdə, ərazilərimizi tərk edən erməni sakinlərin axınının baş verməsinin məsuliyyətinin Azərbaycanın yox, qeyri-sabit bəyanatlarla çıxış edən Ermənistanın üzərinə düşdüyü vurğulanıb.
Bütün bunlara baxmayaraq, son dövrlərdə ölkəmizə qarşı sərgilənən ədalətsiz mövqeyin təəssüf və təəccüb doğurduğu, bu istiqamətdə beynəlxalq hüququn əsas prinsipləri, o cümlədən ərazi bütövlüyü, suverenlik kimi prinsiplərə münasibətdə selektiv yanaşmanın nümayişinin qəbuledilməzliyi qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.