Home Gündəm Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib

Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib

110
0
SHARE

Dekabrın 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

TAN.AZ xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Sahibə Qafarova gündəliyə keçməzdən əvvəl deputatlara Milli Məclisin nümayəndə heyətinin noyabrın 29-30-da Almaniyaya və noyabrın 30-dan dekabrın 2-dək Çex Respublikasına rəsmi səfərləri barədə qısa məlumat verib.

Sonra parlamentin sədri diqqətə çatdırıb ki, gündəliyə 22 məsələ daxil edilib, bu məsələlərin 12-si dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. O qeyd edib ki, bu qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi bir aydan çoxdur parlamentin komitələrində və plenar iclaslarında geniş və ətraflı müzakirə edilir.

Komitə sədri qanun layihəsində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 2024-cü il üçün dövlət büdcəsi layihəsinin plenar iclaslarda birinci və ikinci oxunuşları zamanı 73 deputat fikrini bildirib.

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri gündəliyin növbəti 2-ci və 3-cü məsələlərinin “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” (üçüncü oxunuş) və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihələri olduğunu söyləyib.

Məsələlərlə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır və bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun 2024-cü ildə gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur və bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3 faiz çoxdur.

Tahir Mirkişili bu sənədlər barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi – “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə də Tahir Mirkişili məlumat verib. O bildirib ki, qanun layihəsi 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə 246 manatdan 270 manata artırılmasını, digər kateqoriyalar üzrə də müvafiq artımları nəzərdə tutur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu komitənin layihə barədə müsbət rəy verdiyini bildirdikdən sonra sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 246 manatdan 270 manata qaldırılır və bu, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Tahir Mirkişili rəhbərlik etdiyi komitənin sənəd barədə müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra o, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Komitə sədri sənəddə nəzərdə tutulan dəyişikliklər barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verildiyini, üçüncü oxunuş üçün təqdim edilən layihəyə bəzi əlavə və dəyişikliklər edildiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, sənədin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini, birinci və ikinci oxunuşlar zamanı aparılan müzakirələrdə hər hansı təklifin daxil olmadığını söyləyib.

Komitə sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu sənəd barədə müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra komitə sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O bildirib ki, layihə nağdsız əməliyyatların dəstəklənməsi məqsədi ilə hazırlanıb, birinci və ikinci oxunuşdan sonra komitəyə hər hansı təklif daxil olmayıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Tahir Mirkişili daha sonra “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O qeyd edib ki, sənəd sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələblərinin ödənməsi ardıcıllığını müəyyən edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda komitə sədri Tahir Mirkişili “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini də təqdim edib. O bildirib ki, layihə banklar müflis olduqda onların kreditorları qarşısında borclarını ödəməyinin növbəliyini müəyyən edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O bildirib ki, layihədə təklif olunan dəyişiklikdə texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı da məlumat verib. Qeyd olunub ki, sənəd müəyyən sahələrdə mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə onların gömrük rüsumlarından azad edilməsini ehtiva edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bununla da büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib və çıxış üçün sözü Baş nazir Əli Əsədova verib.

İclasda çıxış edən Baş nazir Əli Əsədov qeyd edib ki, təməli Ulu Öndər tərəfindən qoyulmuş xarici və daxili siyasət kursu bu gün Prezident tərəfindən müasir dünyanın çağırış və tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradılıb.

Baş nazir qeyd edib ki, 2024-2027-ci illərdə makrofiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə əsaslanaraq hazırlanıb. Postpandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, geosiyasi vəziyyət, beynəlxalq maliyyə mühitində sərtləşmələr ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır. Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir. 2024-cü ilin makroiqtisadi çərçivəsi də ölkə iqtisadiyyatının real artımı, məqbul inflyasiya səviyyəsi və profisitli tədiyə balansı ilə proqnozlaşdırılır. Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilib.

Diqqətə çatdırılıb ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qoyulmuş hədəflərin, Böyük Qayıdışa dair I Dövlət Proqramının və hərbi xərclərin maliyyə öhdəliyi büdcə xərclərinin miqyasına əhəmiyyətli təsir edir. Əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25 faiz idisə, 2024-cü ildə 31 faizə yüksəlib və xərclərin həcmi 2 dəfədən çox artıb.

2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat çoxdur.

2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75 faizi keçib. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artıb.

Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat çoxdur. Dövlət büdcəsi kəsirinin ÜDM-də payı 2,2 faiz proqnozlaşdırılır. Bütövlükdə isə 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, icmal büdcənin xərcləri 42 milyard 376 milyon manat proqnozlaşdırılır.

Baş nazir deyib ki, makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman Strategiyada ortamüddətli dövrdə iqtisadi artımla bağlı müəyyənləşdirilmiş hədəflər nəzərə alınıb. Belə ki, iqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9 faiz, həmçinin qeyri-neft sektoru üzrə 4,8 faiz nəzərdə tutulub. 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4 faiz olub, illik inflyasiya 2,6 faiz təşkil edib. Eyni zamanda, Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülür.

2024-cü ilin dövlət büdcəsi xərclərinin 43 faizi, büdcənin cari xərclərinin isə 70 faizi sosialyönlü xərclərdir (15,8 milyard manat). 2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artıb. Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.

Əli Əsədov, həmçinin deyib ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edirlər. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Baş nazir qeyd edib ki, artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Qarabağ iqtisadi rayonunun əraziləri – Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.

Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur. Növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur. Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar və Heydər Əliyev Fondunun dəstəyi ilə son 20 il ərzində 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir. Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30 faiz azalıb.

Baş nazir bildirib ki, bir neçə gün əvvəl noyabrın 28-də dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir.

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi də cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur.

Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı da tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir.

O, eyni zamanda, diqqətə çatdırıb ki, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaqdır.

Baş nazir qeyd edib ki, son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırıb. Bu baxımdan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir. Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir. Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

Əli Əsədov onu da deyib ki, 2024-cü ilin dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 890,4 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına isə 249 milyon manat vəsait nəzərdə tutulub. Ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması və Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması da təmin olunacaqdır. Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcəkdir. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir.

Baş nazir sonda bildirib ki, büdcə müzakirələri zamanı qaldırılan bütün məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.

Sonra parlament sədrinin birinci müavini Əli Hüseynli gündəliyin növbəti iki məsələsinin Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri olduğunu qeyd edib. O, bu məsələlərlə bağlı məlumatın əvvəlcədən verildiyini, bu gün isə səsvermənin həyata keçirildiyini söyləyib.

Milli Məclisin hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova gündəliyin 15-ci məsələsi olan “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, edilən dəyişikliklərə əsasən, tərəflərin ərazisinə gələn vətəndaşlar olduqları tərəfin dövlətinin səlahiyyətli qurumlarında uçota salınma öhdəliyindən azad olunurlar. 15 təqvim günündən artıq qaldıqda isə həmin vətəndaşlar olduğu ölkənin milli qanunvericiliyinə uyğun olaraq səlahiyyətli qurumlarda qeydiyyatdan keçməlidirlər.

Layihə ilə bağlı deputat Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi – “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə də bir-biri ilə bağlıdırlar.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O diqqətə çatdırıb ki, qanun layihəsinə əsasən, 1660,83 kvadratkilometr ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kvadratkilometr, Tərtər rayonundan 851,25 kvadratkilometr və Ağdam rayonundan 73,74 kvadratkilometr ərazi veriləcək. Komitə sədri Ağdərə rayonunun tarixi barədə qısa məlumatı da diqqətə çatdırıb.

Sonra Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılmasının və istifadəsinin, burada yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının daha səmərəli təşkilini şərtləndirir. Layihədə adları sadalanan rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilməklə onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv olunmasından ibarət müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar sənədlərlə bağlı fikirlərini və qeydlərini səsləndiriblər.

Müzakirədən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Sonra “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Layihə ilə bağlı deputat Rüfət Quliyevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən deputat Nizami Səfərov sənədin üçüncü oxunuşa dəyişiklik edilmədən təqdim olunduğunu bildirib və həmkarlarından sənədə səs vermələrini xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Komitə sədri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşa hazır olduğunu bildirib və sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sahibə Qafarova “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb. Layihə ilə bağlı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin sənəddə təklif olunan dəyişikliklərə müsbət rəy verdiyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də layihəyə rəhbərlik etdiyi komitədə baxıldığını və komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin birinci oxunuşda təqdim olunan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu qanun layihəsi barədə məlumat verib. O, qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Diqqətə çatdırılıb ki, dövlət vəsaiti hesabına təhsil almış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrini gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.

Layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsini nəzərdə tutan dəyişikliyin gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi baxımından məqsədəmüvafiq olduğu bildirilib.

Qeyd edilib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur.

Diqqətə çatdırılıb ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Qeyd olunub ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövr üçün qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif olunur.

Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğu deyilib. Bildirilib ki, sənədə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb.

Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.